az en ru
  Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 avqust 2008-ci il

*

2961

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 4 avqust  tarixli  2961 nömrəli

Sərəncamı ilə təsdiq edilmişdir

Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair 

DÖVLƏT PROQRAMI

1. Ümumi əsaslar

1.1. Mövcud vəziyyət

 Azərbaycan kino sənəti mövcud olduğu yüz ildən artıq dövr ərzində zəngin bir yol keçmişdir. Neft Bakısına həsr olunmuş kiçik həcmli xronikal süjetlər ölkəmizdə kino sənətinin təşəkkülündən xəbər verən ilk nümunələrdir.

 Kino incəsənətin geniş yayılmış növlərindən biri kimi bu gün milli-mənəvi dəyərlərin təbliğində və xalqımızın milli özünüdərkinin möhkəmləndirilməsi işində əvəzsiz rol oynayır. Məhz bu baxımdan kinematoqrafiyanın istehsalat, texniki və informasiya bazasının gücləndirilməsi, eləcə də bu sahə üzrə maarifləndirmə işinin təşkili Azərbaycan dövlətinin mədəniyyət sahəsində siyasətinin tərkib hissələrindəndir.

 Milli kinematoqrafiyanın spesifikasını özündə qabarıq şəkildə əks etdirən müxtəlif janrlı filmlərin yaradılması ölkəmizdə mərhələli inkişaf prosesi keçmişdir. Sovet hakimiyyəti illərində istehsal olunan filmlərdə dövrün ideoloji tələbləri ucbatından bir sıra faktların aşkar təhrifinə yol verilsə də, Azərbaycan kino sənəti bütövlükdə tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın mədəni-mənəvi tələblərinə cavab verməyə çalışmış və milli ruhun qorunub saxlanması işinə xidmət etmişdir.

 Dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə də Azərbaycan kinematoqrafiyası müəyyən uğurlar qazana bilmişdir.

 Bununla yanaşı, respublikadakino sahəsinin inkişafı istiqamətində müəyyən problemlər müşahidə olunmaqdadır. İstehsal bazası yararsız vəziyyətə düşdüyündən hazırda filmlər əsasən köhnə çəkiliş, səsyazma avadanlığı və cihazları vasitəsilə ərsəyə gətirilir. “Azərbaycanfilm” kinostudiyasının binasında uzun illərdən bəri təmir-bərpa işlərinin aparılmaması və onun yeni avadanlıqlarla təchiz edilməməsi film istehsalı prosesinə öz təsirini göstərir.

 Təsərrüfat hesabı ilə çalışan kinoteatrlar şəbəkəsində yaranmış vəziyyət bu sahədə ciddi yenidənqurma işlərinin həyata keçirilməsini tələb edir. Eyni zamanda Azərbaycanda müxtəlif illərdə istehsal olunmuş filmlərin ilkin materiallarının, eləcə də dünya kinosu kolleksiyasının qorunub saxlandığı Dövlət Film Fondunda müvafiq normalara cavab verən texniki şəraitin yaradılması zərurəti meydana çıxmışdır.

 Müasir dövrdə elektron məkan sürətlə yeni informasiya-kommunikasiya texnologiyaları ilə davamlı zənginləşir. Nəticədə dünya kinematoqrafiyasında bu texnologiyaların geniş imkanlarından istifadə yolu ilə milyonlarla tamaşaçı kütləsi toplayan filmlərin çəkilişi həyata keçirilir. Bütün bunlar ölkəmizdə kino sahəsində nailiyyətlər qazanılması üçün ən yeni avadanlıqlarla təchiz olunan və beynəlxalq standartlara cavab verən güclü maddi-texniki baza yaradılmasını tələb edir.

 Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 100-ə yaxın qış və yay kinoobyektinin özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. 1998-ci ildə qəbul olunmuş “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə bağlı normativ hüquqi baza yaradılmışdır.

 Ölkə iqtisadiyyatının dinamik inkişafı kino sahəsində böyük uğurlara nail olmaq imkanı verir. Kino sənətinə artan diqqətin nəticəsidir ki, film istehsalına dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır. Respublika Kino Salnaməsi üçün qısa müddət ərzində yüzlərlə mühüm ictimai-siyasi hadisə lentə alınmış, həmçinin kino sahəsində beynəlxalq əlaqələrin inkişafı istiqamətində müəyyən işlər görülmüş və Azərbaycan Respublikası “Birgə film istehsalı haqqında” Avropa Konvensiyasına qoşulmuşdur.

 “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) rəqabət qabiliyyətliinformasiya cəmiyyətində ölkəmizin mədəniyyət siyasətinin daha çevik bir şəkildə həyata keçirilməsinə şərait yaradacaqdır.

 1.2. Dövlət Proqramının məqsəd və vəzifələri

 Dövlət Proqramının əsas məqsədi milli kino ənənələrinin bərpa edilməsi, ölkədə kino istehsalının dirçəldilməsi, filmlərin müasir texnologiyalar əsasında qorunub saxlanılmasının təmin olunması, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və sahə üzrə lazımi islahatların aparılmasından ibarətdir.

 Dövlət Proqramı aşağıdakı vəzifələrin həlli istiqamətlərində məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

 - kino müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi;

 - ölkədə film istehsalı bazasının yenidən qurulması, onun rəqəmli çəkiliş, səsyazma və başqa müasir texnoloji avadanlıqlarla təmin edilməsi;

 - dövlət şəbəkəsində saxlanılan kinoteatr binalarının bərpa olunması, onların müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchiz edilməsi və çoxfunksiyalı kinoteatrların yaradılması;

 - milli filmlərin ilkin materiallarının, həmçinin dünya kinosu kolleksiyasının beynəlxalq texniki parametrlərə uyğun şəraitdə qorunub-saxlanmasının təmin edilməsi;

 - ölkədə dövlət sifarişi ilə bədii, sənədli və cizgi filmlərinin istehsalı;

 - elmi tədqiqatlar, kadr hazırlığı, kino sahəsində beynəlxalq əlaqələrin dövlətin himayəsi altında inkişaf etdirilməsi və bunun üçün dövlət büdcəsindən məqsədli vəsaitin ayrılması;

 - xarici ölkələrdə uzun illərdən bəri saxlanılan milli filmlərin nüsxələrinin Azərbaycan Respublikasına qaytarılması;

 - kino sistemində yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi;

 - film istehsalı üçün nəzərdə tutulmuş texniki xidmətlərə malik, ən müasir səviyyədə texnoloji avadanlıqla təchiz edilmiş Film İstehsalı Mərkəzinin yaradılması;

 - sahə üzrə özəl sektorun, o cümlədən kino istehsalı müəssisələrinin, prodüser mərkəzlərinin, kinoteatrların və kinoprokat şirkətlərinin işləmə mexanizminin qurulmasına şərait yaradılması;

 - dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalının təşkil edilməsi;

 - xaricdən gətirilən və eləcə də ölkədə istehsal edilən bütün filmlərin dövlət reyestrində qeydə alınması işinin təkmilləşdirilməsi;

 - özəl kino istehsalı müəssisələrinin yaradılmasının dəstəklənməsi mexanizminin hazırlanması və həyata keçirilməsi;

 - yeni filmlərin bədii səviyyəsinin yüksəldilməsi;

 - dövlət vəsaiti hesabına istehsal olunan filmlər üçün aktual mövzulara həsr edilmiş kino layihələrinin müsabiqə yolu ilə seçilməsi mexanizminin işə salınması;

 - kino sahəsində rəqəmli texnologiyalar vasitəsilə çəkiləcək filmlərin sayının artırılması;

 - kino xadimlərinin beynəlxalq, ikitərəfli və çoxtərəfli kino layihələrində iştirak etməsi;

 - uşaqlar üçün müxtəlif janrlarda filmlərin istehsalı, bədii və tərbiyəvi əhəmiyyətli filmlərin nümayişinin genişləndirilməsi;

 - kinematoqrafiyanın mühüm sahəsi olan kino tənqidinin inkişaf etdirilməsi;

 - Azərbaycan Respublikasında keçirilən ənənəvi beynəlxalq kinofestivalların nüfuzu və səmərəliliyinin artırılması;

 - kino sistemində kadr hazırlığı prosesinin təkmilləşdirilməsi;

 - milli kinematoqrafiya sahəsində yaşlı yaradıcı kadrlarla yeni nəsil arasında ardıcıl təcrübə mübadilələrinin əlaqələndirilməsi və gənc kinematoqrafçıların hazırlanmasında mütərəqqi beynəlxalq təcrübənin tətbiq edilməsi.

 1.3. Dövlət Proqramının maliyyə təminatı

 Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər aşağıdakı maliyyə mənbələri hesabına həyata keçirilir:

 - dövlət büdcə təxsisatları üzrə ayrılmalar;

 - beynəlxalq və qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi;

 - qanunvericiliyə zidd olmayan digər mənbələr.

 1.4. Gözlənilən nəticələr

 Dövlət Proqramının yerinə yetirilməsindən aşağıdakı nəticələr gözlənilir:

 - kinonun normativ-hüquqi və iqtisadi bazasının təkmilləşdirilməsi;

 - kino müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, çəkilən filmlərin beynəlxalq texniki standartlara cavab verməsi, ölkədə kinoteatrlar şəbəkəsinin müasir tələblərə uyğun qurulması və əhalinin kino xidmətinə olan tələbatının ödənilməsi;

 - Azərbaycan xalqının tarixi və milli mədəni irsini özündə əks etdirən yüksək səviyyəli filmlərin yaradılması;

 - Azərbaycanın kino sənətini və mədəniyyətini dünyada layiqincə təbliğ və təmsil etmək imkanlarının genişləndirilməsi;

 - kino sənətinə aid olan bütün nümunələrin lazımi şəraitdə qorunub-saxlanılmasının təmin edilməsi;

 - kino sahəsinə daim yeni, istedadlı və peşəkar kadrların cəlb edilməsi

2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

Sıra

-si   

Tədbirlərin adı 

İcraçı təşkilatlar           

İcra müddəti

(illər üzrə)

2.1.     

Ölkənin zəruri ehtiyac duyulan regionlarında kinoteatrların yenidənqurulması və əsaslı təmirinin həyata keçirilməsi üçün hər il maliyyə-smeta sənədlərinin hazırlanıb təsdiq edilməsi   

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi           

2008-2009

2.2.     

Kinematoqrafiya ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması         

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi         

2008-2009

2.3.     

“Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulması  

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi         

2008-2012

2.4.     

Dövlət sifarişi ilə filmlərin istehsalının təkmilləşdirilməsi 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi   

2008-2018

2.5.     

“Azərbaycanfilm” kinostudiyasının bazasında təsərrüfat hesablı Film İstehsalı Mərkəzinin yaradılması      

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi       

2010-2011

2.6.     

Dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı məqsədi ilə “Euvroimage” Dəstək Fonduna üzvlüyün təmin edilməsi           

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi       

2009 

2.7.     

“Birgə film istehsalı haqqında” Avropa Konvensiyasına uyğun olaraq xarici kino şirkətləri ilə müştərək film istehsalının həyata keçirilməsi       

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi   

2009-2018

2.8.     

“Azərbaycan kino ensiklopediyası”nın hazırlanması və nəşr edilməsi     

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi   

2009

2.9.     

Xarici filmlərin Azərbaycan dilinə tərcümə olunması, o cümlədən subtitrləşdirmə üsulu ilə dublyaj edilməsi        

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti        

2008-2018

2.10.   

Bakı şəhərindəki “Nizami” kinoteatrının yeni texnoloji avadanlıqla təmin edilməsi və burada tamaşaçılar üçün müasir tələblərə cavab verən xidmətlərin təşkili  

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi   

2008-2009

2.11.   

Dövlət Film Fondunun yeni binasının inşası və müasir texnoloji avadanlıqla təchiz edilməsi        

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi         

2008-2009

2.12.   

Ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kinomaterialların beynəlxalq mübadilə yolu ilə axtarılıb aşkar olunması və surətlərinin Dövlət Film Fonduna daxil edilməsi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi   

2008-2012

2.13.   

Milli kinoya aid kinomaterialların rəqəmli daşıyıcılara köçürülməsinin təmin edilməsi     

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi   

2009-2012

2.14.   

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kino təhsili sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi           

Azərbaycan Respublikasının Təhsil Nazirliyi    

2008-2009

2.15.   

Mədəniyyət və incəsənət üzrə təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun tədris proqramlarının hazırlanması  

Azərbaycan Respublikasının Təhsil Nazirliyi    

2008-2010

2.16.   

Kino sahəsində monitorinqin keçirilməsi üçün tədbirlərin hazırlanması və statistik məlumat sisteminin təkmilləşdirilməsi 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi         

2008-2010

2.17.   

Kino sahəsi ilə bağlı ölkə üzrə informativ və analitik məlumatları əks etdirən vahid internet sisteminin yaradılması   

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi   

2008-2010 

2.18.   

Kino sahəsində dünyada mövcud olan müasir texnologiyaların öyrənilməsi və tətbiq edilməsi   

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi   

2008-2018