az en ru
  Kinostudiyanın direktorları


 

Hənifə Terequlov   

Azərbaycan teatr və kino xadimi, kino təşkilatçısı, aktyor, müğənni Hənifə (Məmmədhənifə) Həsən oğlu Terequlov (1877-1942) Azərbaycan Foto-Kino İdarəsinin təşkilatçılarından biri olmuş, sonra da bu idarəyə rəhbərlik etmişdir. Qori müəllimlər seminariyasının məzunu, əmək Qəhrəmanı olan H. Terequlov 1924-cü ildə kinodan ayrılandan sonra Baş Mətbuat İdarəsinin rəisi, AK(b)P  MK-da şöbə müdirinin müavini işləmişdir. O, opera xorunun təşkilatçılarından və ilk opera tamaşalarının əsas ifaçılarından olmuş, “Arşın mal alan” kinokomediyasında (1916) Vəli, “Qız qalası” filmində (1924) Əyan rollarında çəkilmişdir.

======================================

 

                             

Şamil Mahmudbəyov


1924-cü ildə Şamil Həbib oğlu Mahmudbəyov (1898-1946) AFKİ-yə sədr təyin olunur. Bundan sonra kino sahəsindəki irəliləyiş daha da sürətlənir.  Ş. Mahmudbəyov Bakıda doğulmuş, Kiyev Politexnik İnstitunda təhsil almışdır. Lakin 1919-cu ildə təhsilini yarımçıq qoyub Bakıya qayıdır.O, Azərbaycan sovetləşəndən sonra bir sıra məsul vəzifələrdə çalışır. Kinofabrikin lazımi kino avadanlığı ilə təchiz edilməsində, istehsalat sexlərinin, labaratoriyaların yaradılmasında, filmçəkmə pavilyonunun inşaasında, kinematoqrafçı kadrların hazırlanmasında böyük əmək sərf edir. Kinofabrik nəzdində İkiillik studiyaların təşkili də Ş. Mahmudbəyovun təşəbbüsü ilə həyata keçirilmişdir. Oktyabrın 16-da Hərbi Kollegiyanın hökmü ilə “xalq düşməni” kimi məhkum olunur. On il həbsxanada yatır, 1946-cı ildə beyninə qan sızması nəticəsində vəfat edir. 1957-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə Ş. Mahmudbəyova (ölümündən sonra) bəraət verilir.

===========================================

 

 

Şəmsəddin Abbasov

80

Azərbaycan yazıçısı, dramaturqu, publisisti Şəmsəddin Bəhlul oğlu Abbasov (1906-1975) 1939-cu ilin sonunda Bakı kinostudiyasının direktoru teyin olundu. O, kinoya gələnə kimi bir sıra məsul vəzifələrdə çalışmış, 1938-1939-cu illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında direktor işləmişdir.

Ş. Abbasov vəziyyətin ağır olmasına baxmayaraq, milli kinodramaturq, rejissor, operator və aktyor kadrları yetişdirmək və çəkilən filmlərin bədii səviyyəsini yüksəltmək məqsədilə gərgin işləməli olmuşdur. O, Böyük Vətən müharibəsi başlayarkən kinostudiyanın hərbi qanunları əsasında yenidən qurulmasında, sənədli kino ustalarını ön və arxa cəbhədə operativ işləmələri üçün şərait yaradılmasından xeyli çalışmışdır. «Babək» və «Sovet pəhləvanı» kinossenarilərinin müəllifidir. Oğlu Gündüz Abbasov «Sovet pəhıəvanı», «Bir qalanın sirri», «Onun böyük ürəyi», «Bizim küçə» və s. filmlərdə çəkilmişdir.

Ş. Abbasov 1942-1943- cü illərdə partiya işində, 1944-1951-ci illərdə Radiolaşdırma və Radio verlişləri Komitəsinin sədri vəzifəsində işləmişdir. O, onlarla hekayə və şer kitablarının, povest və oçerklərin, ssenari və pyeslərin müəllifidir.

=========================================


Rəsul Rza

 80

Görkəmli Azərbaycan şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul İbrahim oğlu Rzanın (1910-1981) fəaliyyətinin bir hissəsi milli kinomuzla sıx bağlı olmuşdur. O, 1934-1937-ci illərdə Moskvada UİDKİ-də təhsil almış, on il ərzində kino sahəsində müxtəlif vəzifələrdə (fasilələrlə) çalışmışdır: 1937-1938-ci illərdə Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, 1942-1944-cü illərdə Bakı kinostudiyasının direktoru, 1944-1946-cı illərdə Kinematoqrafiya idarəsinin rəisi, 1946-1949-cu illərdə Azərbaycan Knematoqrafiya naziri olmuşdur.

Rəsul Rzanın rəhbərliyi altında müharibə illərində və müharibədən sonrakı dövrdə Bakı kinostudiyasında  «Bəxtiyar», «Sovqat», «Vətən oğlu» qısametrajlı, «Bir ailə», «Sualtı qayıq «t-9» tammetrajlı bədii filmləri, bütün dünyaya səs salan «Arşın mal alan» kinokomediyası (1945), «Fətəli xan» və «Bakının işıqları» bədii, «Arazın o tayında» tammetrajlı və bir çox digər sənədlifilmlər çəkilmişdir.

==========================================


Mehdi Hüseyn

80

Azərbaycan xalq yazıçısı, SSRİ Dövlət mükafatı laureatı, kinodramaturq Mehdi Əli oğlu Hüseyn (1909-1965) bakı kinostudiyasına cəmisi bir il rəhbərlik etmişdir. O, 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnistutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirmiş, 1939-cu ildə kinostudiyanın ssenari şöbəsinin rəisi, 1944-cü ildə Bakı kinostudiyasının direktoru vəzifələrində işləmişdir.

Mehdi Hüseynin ssenariləri əsasında «Fətəli xan» (1947, Ə. Məmmədxanlı ilə birgə),  «Qara Daşlar» (1956) və «Səhər» (1960) bədii filmləri çəkilmişdir. 1976-77-ci illərdə «Abşeron» romanı əsasında üç seriyalı televiziya filmi                              (rej. T. İsmayılov) ekranlaşdırılmışdır.

Görkəmli yazıçının həyat və yaradıcılığından bəhs edən «Mehdi Hüseyn» (1969, «Azərbaycanfilm») sənədli filmi çəkilmişdir.

1941-1945-ci illər müharibəsi başa çatana kimi Bakı kinostudiyası daha bir neçə sənədli film istehsal etmişdir. «SSRİ EA-nın Azərbaycan filialı», «Bakı döyüşür»,  «Bakı neftçiləri»,  «Böyük yol haqqında kino hekayəti», «Cəfər Cabbarlı»,  «Qəzvinə kömək»,  «Məktuba cavab»,  «Təbriz»,  «Əbədi odlar ölkəsi»,  «general Həzi Aslanov», «İran Azərbaycanın paytaxtında», «Zəfər bayramı» həmin filmlərin sırasındadır.

=====================================

                                

Sabit Rəhman

200

“Arşın mal alan” filminin ssenari müəllifi Sabit Kərim oğlu Rəhman (1910-1970) Bakı kinostudiyasının direktoru olmuşdur. O, 1937-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirmiş, 1937-1938-ci illərdə Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, 1945- 1946-cı illərdə Bakı kinostudiyasının direktoru, eyni zamanda Azərbaycan Kinematoqrafiya nazirinin müavini vəzifələrində çalışmışdır. “Arşın mal alan”dan əlavə Sabit Rəhmanın ssenariləri üzrə “O olmasın, bu olsun”(1956), “Koroğlu” (1960) və “Əhməd haradadır?” (1963) bədii filmləri çəkilmişdir. Respublikanın əməkdar incəsənət xadimi, dramaturq, yazıçı Sabit Rəhman bir çox pyeslərin, romanların,hekayələrin, librettoların müəllifidir.

====================================

 

Zəki Səfərov

Belə bir çətin şəraitdə, yəni 1953- cü ilin may ayında Böyük Vətən müharibəsi iştirakçısı Zəki Xosrov oğlu Səfərov (1909 - ?)kinostudiyaya təyin olunur. O, hərbiçi olsa da kioya gələnə kimi mədəniyyət sahəsində bir sıra vəzifələrdə işləmşdir;         1935-1938- ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru, 1938-1940-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, 1940-1941-ci illərdə Azərbaycan XKS yanında İncəsənət işləri idarəsinin rəis müavini, 1953-1959- cı illərdə Bakı kinostudiyasının direktoru olmuşdur. 

Z.Səfərovun kinostudiyaya rəhbərlik etdiyi dövrdə “Doğma xalqımıza” bədii sənədli, “Bəxtiyar”, “Görüş”, “Qara daşlar”,“O olmasın, bu olsun”, “Ögey ana”, “Uzaq Sahillərdə” bədii, “Dənizi fəth edənlər”, “Xəzər nefçiləri haqqında dastan” və s. sənədli filmlər yaradılmışdır.

======================================


Məhərrəm Haşımov 

 80

Azərbaycanın xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, rejissor Məhərrəm Kazım oğlu Haşımov (1912-1969) Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir (1936). Azərbaycan Gənc Tamaşaçılar Teatrında iştirak etmiş, teatrın baş rejissoru və direktoru, Azərbaycan Rus Dram Teatrında direktor və rejissor, Azərbaycan Opera və Balet Teatrında direktor vəzifələrində çalışmışdır.

M.Haşımov 60-cı illərin birinci yarısında C.Cabbarlı adına “Azərbaycanfilm”kinostudiyasına rəhbərlik etmiş, onun fəaliyyəti dövründə “Bizim küçə”, “Leyli və Məcnun”, “Böyük dayaq”, “Əmək və qizil gül”, “Telefonçu  qız”, “Əhməd haradadır?”, “Möcüzələr adası”, “Romeo mənim qonşumdur”, “Sehirli xalat” bədii, bir çox sənədli filmlər çəkilmişdir.


Adil İsgəndərov

80

SSRİ xalq artisti, SSRİ Və Azərbaycan Dövlət mükafatları laureatı, rejissor və aktyor Adil Rza oğlu İsgəndərov (1910-1978) istər teatrda, istərsə də kinoda silinməz izlər qoymuşdur. Onun yaradıcılığı və yüksək təşkilatçılığı mədəniyyət tariximizin müəyyən dövrünün salnaməsini təşkil edir. O, A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakultəsini bitirmiş(1936), Moskva Bədaye Teatrında və Vaxtanqov adına teatrda rejissorluq təcrübəsi keçmişdir. Bundan sonra uzun illər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirmişdir. 

A.İsgəndərov 1966-1974 – cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru olmuşdur. Onun kinostudiyaya rəhbər etdiyi illərdə burada “Sən niyə susursan?”,  “Yenilməz batalyon”, “İnsan məskən salır”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “” “Sevil”, “Şərikli çörək”, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud” kimi dəyərli kino əsərləri istehsal olunmuşdur. 

======================================


 

Cəmil Əlibəyov

80

Azərbaycanın tanınmış yazıçısı, ssenaristi, publisisti, respublikanın əməkdar mədəniyyət işçisi Cəmil adil oğlu Əlibəyov (d.5.12.1927) 1974-1984-cü illərdə C. Cabbarlı adına “azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışmışdır.O, ADU-nun (indiki BDU) tarix fakultəsini, Moskvada Ali Komsomol məktəbinin jurnalistika şöbəsini bitirmişdir.1949-70-ci illərdə “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi, şöbə müdiri, məsul katib və qəzetin redaktoru, 1970-74-cü illərdə azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin sədr müavini, 1984-94-cü illərdə müxtəlif nəşriyyat və redaksiyalarda redaktor, baş redaktor işləmişdir. 1995-ci ildən “Elm və həyat” nəşriyyatının təsisçi direktorudur. C. Əlibəyov kinostudiyada işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisə öz yaradıcılıq uğurları, istehsalat müvəffəqiyyətləri ilə tanınmışdır.Bu müddətdə SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin xətti ilə və ümumittifaq televiziyasının sifarişi ilə çəkilən filmlərin sayı üç dəfə, birinci dərəcəyə layiq görülmüş filmlərin sayı on dəfədən çox artmış, bu dövrdə çəkilmiş “Dədə Qorqud”,  “Tütək səsi”, “İstintaq”, “Babək”, “Ad günü” və s. bədii filmlər yüksək mükafatlar, nüfuzlu prizlər almışdır. O dövrdə Azərbaycan klassik ədəbiyyatının ekranlaşdırılması sahəsində səmərəli yaradıcılıq işi aparılmış, M.F.Axundovun, Ə. B. Haqverdiyevin, İ. Musabəyovun, həmçinin bir neçə çağdaş yazıçının – İ. Əfəndiyevin, İ. Hüseynovun, B. Bayramovun, anarın, Elçinin əsərlərinə ekran həyatı verilmişdir. 1970-ci ildən özünün yazdığı ssenarilər üzrə bir neçə film, o cümlədən “Azərbaycan, Azərbaycan” (1970, Ə. Qurbanovla birgə), “Bizim katib” (1972), “dağlarda işıq” (1973), “Qədim diyarın gəncliyi” (1974), “Onlar Bakıda dost olublar” (1975), “Min bir xəzinə” (1976), “Böyük anda sadiqik” (1981) sənədli filmlər çəkilmişdir.

=====================================



Eyvaz Borçalı

80

Azərbaycan şairi, ssenaristi Eyvaz Məhəmməd oğlu Borçalı (d.1938) 1984-1986-cı illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında direktor işləmişdir. Bundan əvvəl o, Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirmiş, bir müddət Azərnəşrdə redaktor vəzifəsində çalışmışdır. 1970-ci ildə “Azərbaycanfilm”də ssenari-redaksiya heyətinin üzvü, 1971-1984-cü illərdə “Mozalan” respublika satirik kinojurnalının baş redaktoru olmuşdur.

E. Borçalı “Mozalan” kinojurnalı üçün çoxlu ssenarilər, o cümlədən “Düzəldərik”, “Müstəntiq o biri üzü”, “İki dəfə iki...”, “Getdim görmədim”, “Medalın o biri üzü”, “Yanğın”, “Məhsuldar torpaq” və s. süjetlər yazmışdır. Onun ssenariləri üzrə “Kəpəz” (a. Qazıyevlə birgə), “Usta Aslan”, “Azərbaycan tütünü”, “Anaya məktub”, “Qəhrəmanlara eşq olsun!” və s. sənədli filmlər çəkilmişdir. Bir neçə şer kitabının müəllifidir. 

==========================================


Ramiz Fətəliyev

80 

Kinodramaturq, yazıçı, kinorejissor Ramiz Məmməd oğlu Fətəliyev (d.1946) – 1986-cı ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına seçki yolu ilə direktor təyin edilənə qədər 1974-1975-ci illərdə kinostudiyanın ssenari-redaksiya kollegiyasının üzvü olmuş və həmin dövrdən yaradıcılıq bioqrafiyası azərbaycan kinematoqrafiyası ilə bağlı olmuşdur. 1985-1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışmışdır. 1987-1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990-1995-ci illərdə əvvəlcə azərbaycan ali sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur. R. Fətəliyevin ssenariləri üzrə “Azərbaycanfilm”də “Rəqiblər” (kinonovella), T. Bəkirzadə ilə birgə “ömrün ilk saatı”, “Dənizə çıxmaq qorxuludur” (V.Qonçarova, Ə. Əbluçla birgə), “Birisi gün,gecəyarısı” (M. Avdiyev, A. Donetslə birgə), “Sizi dünyalar qədər sevirdim”, “Burulğan” (E. Quliyevlə birgə), “Xüsusi vəziyyət”, “Akarsızlıq şəraitində”, “Yaramaz” (V.Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən “Öz səadəti”, “Köhnə məktublar”, “Qraçlar”, “Mənasız həyat” (Ukrayna), “Altıncı”, “Hər cür rsqsiz”, “Həyatın mənası” (Özbəkistan) bədii filmləri çəkilmişdir. 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , “Bir anın həqiqəti” (12 seriyalı), “Məhəllə”, “Qraf Krestovski” və s. bədii televiziya filmlərinə quruluş vermişdir. O, 1995-ci ilə kimi kinostudiyanın direktoru olmuşdur.

=========================================


 

Ziyafət Abbasov

80

Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Ziyafət Əmir oğlu abbasov (d.1935) 1974-cü ildən C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərmiş, kino-aktyor şöbəsində bədii rəhbər, bədii filmlər rejissoru, “Mozalan” kinojurnalının bədii rəhbəri, baş redaktoru olmuşdur. “Bağçada rahat yer” kinonovellasına, “Onun bəlalı sevgisi” bədii filminə quruluş vermişdir. “Abşeronda subtropik bitgilər” (E. Quliyevlə birgə), “Lalə” qızlar ansambılı” sənədli filmlərinin ssenari müəllifidir. “Müqəddəs torpaq”, “Ümid qapısı”, “Gözəlliklər diyarı” sənədli filmlərini, “Mozalan” kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir. “Ailə” bədii filminin prodüsserlərindən biri olmuşdur. 

Z. Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuş, 1995-2001-ci illərdə “Azərbaycanfilm”in direktoru vəəzifəsində çalışmışdır.

==========================================


Xamis Muradov

 

Azərbaycanın Xalq artisti, kinorejissor Xamis Bəkir oğlu Muradov 2002-ci il yanvarın 2-də C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru təyin olundu.  X. Muradov (d.1943) M.A.Əliyev adına azərbaycan Dövlət İncəsənət İnistutunun (indiki ADMİU) rejissorluq fakultəsinin (prifessor A. İsgəndərovun sinfini) və Moskvada ikiillik Ali rejissorluq və ssenariçilər kursunu bitirmişdir. O, 1996-cı ildən kinostudiyada, 1971-ci ildən isə sırf sənədli kino sahəsində çalışır. X. Muradov “Ana” (kur işi), “Nəsimi” (diplom işi), “Aşıq Ələsgər”, “Məndə sığar iki cahan...”, “Fransa qəhrəmanı”, “Dünyaya insan gəlir”, “Üzeyir Hacıbəyov”, “Qarabağ bülbülləri”, “Yaşıl möcüzə”, “Xaqani”,”Şəfa bulağı”, “Natəvan”, “Aşıqlar”, “Zirehli qalalar”, “Kreslo”, “Boşluq”, “Murtuzun tarı”, “Azadlığa gedən yollar” (rejissor qrupu), “Həcc ziyarəti”, “Ziya ocağı”, “İnama qayıdış” və s. sənədli və elmi-kütləvi filmlər yaratmışdır. 20-dən çox sənədli filmin ssenari müəllifidir. “Əks-səda” və “Balaban” filmləri Dövlət mükafatına, “9 dəqiqə” sənədli filmi “Humay” və “Qızıl çıraq” mükafatlarına layiq görülmüşdür. X. Muradov 1988-2001-ci illərdə “Salnamə” studiyasının direktoru və bədii rəhbəri olmuşdur.