az en ru
  Arxiv
 
Azərbaycan Prodüserlər Gildiyası yaradıldı
 
01/05/2012
 
Mayın 1-də “Nizami” Kino Mərkəzində “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin təsis yığıncağı keçirildi. Toplantıda çıxış edən C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Prodüserlər Gildiyasının yaradılmasını milli kinomuzun gələcək inkişafına töhfə verəcək vacib addım kimi qiymətləndirdi. Yığıncaqda “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin Nizamnaməsi qəbul olundu.
Sonra Prodüserlər Gildiyasının beş nəfərdən ibarət (Müşfiq Hətəmov, Nəriman Məmmədov, Xaqani Həşimov, İlqar Nəcəf, Vüsal Abbasov) İdarə Heyəti, habelə yeni qurumun təftiş komissiyası seçildi.
Daha sonra qurumun idarə heyəti üzvlərinin yekdil qərarı ilə Müşfiq Hətəmov Azərbaycan Prodüserlər Gildiyasının sədri seçildi.
 
“Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin təsisçiləri aşağıdakı şirkətlərdir:
 
1. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası
2. “Salnamə” studiyası
3. “Ritm Production”
4. “Butafilm” MMC
5. “Cinema PRO” MMC
6. “Bizim Kino” prodüser mərkəzi
7. “Nərimanfilm” kino şirkəti
8. “Nurfilm” MMC
9. “M cinema” MMC
10. “Yaddaş” studiyası
11. “215 KL” studiyası
 12. “EXA Production”
13. “Ultra Production”
14. “Cinema evi” prodüser mərkəzi

Gildiyanın yaradılmasının əsas məqsədləri milli kinematoqrafın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının və s. təmin edilməsidir.

==============================================================
 
Müşfiq Hətəmov: “Nə ssenarist, nə də rejissor olmaq fikrindəyəm” (müsahibə)
 
13/03/2012

 

 Ötən il dekabrın 20-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının direktoru, xalq artisti Xamis  Muradov öz ərizəsi ilə işdən azad olundu. Onun yerinə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin  direktor müavini Müşfiq Hətəmov sınaq müddətinə direktor qoyuldu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin  bir neçə gün öncə imzaladığı əmrlə Müşfiq Hətəmov rəsmən kinostudiyanın direktoru vəzifəsinə təsdiq edildi. 
 Müşfiq Hətəmov kinostudiyaya direktor təyin olunandan sonra verdiyi ilk müsahibəsində Azərbaycan kinosunun  inkişafı üçün görüləcək işlərə toxundu. 
  Hətəmov Müşfiq Mürşüd oğlu 6 may 1969-cu ildə anadan olub. 1976-1986-cı illərdə orda təhsil alıb. 1986-cı ildə  M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1992-ci ildə bu  təhsil ocağını bitirib. 1987-1989-cu illərdə ordu sıralarında xidmət edib. 1992-2002-ci illərdə Əhməd Cavad adına  Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris edib. 2000-ci ildə təsis etdiyi “MM”  MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin  prodüseri, bir çox televiziya layihələrinin müəllifi olub. 2002-ci ildən 2006-ci ilə qədər Mədəniyyət Nazirliyinin  Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində  ilmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində  çalışıb. 2011-ci ilin dekabr ayından C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edir. Ailəlidir. 

 - Direktor olaraq kinostudiyaya gəldiyiniz zaman hansı mənzərə ilə qarşılaşdınız? 

- Əslində mənzərə təzə deyildi. Kinostudiyanın vəziyyəti barədə müəyyən qədər məlumatım vardı. Çünki 10 ilə yaxın nazirliyin kinematoqrafiya şöbəsində işləmişəm. Texnikumda işlədiyim müddətdə kinostudiya ilə əməkdaşlıq etmişəm. Yəni? kinostudiyanın problemlərindən haliydim. Amma burada oturanda gördüm ki, bir çox addımlar atılmalıdır. Sağ olsun Xamis müəllim də. Onun burda əməyi olub. 1988-90-cı illərdə kinostudiyanın həyətlərində restoranlar, zibilxanalar vardı. Xamis müəllim onların hamısını təmizlədi. Təbii ki, nə qədər çox iş görsək, bir o qədər kinomuzun xeyrinədir. Bir şeyi unutmaq olmaz ki, kino incəsənət, böyük təbliğat vasitəsi olmaqla yanaşı, həm də kommersiyadır. Biz məhz bu xətləri əsas tutub müasir dövrün tələblərinə uyğun istehsal qurmalıyıq. Amma köhnələri dağıtmadan, yaxşıları qoruyub saxlamaqla. Bizim çox az dekorator, geyim, film rəssamlarımız var, az sayda səs rejissorlarımız, operatorlarımız qalır. Böyük kadr problemimiz var. Amma bununla belə istehsal qurulmalıdır. Kino istehsalı necə, hansı müddətə qurulmalıdır, ssenari necə seçilməlidir – bunlar barədə ciddi düşünülməlidir. Əsas məsələ ssenarinin yazılmasıdır. Artıq biz hazır ssenari qəbul etməyəcəyik. Müsabiqə elan olunacaq. Yalnız ideyaları sinopsis şəklində, kiçik həcmdə qəbul edəcəyik. Sonra onları yerli və xarici ekspertlərin ixtiyarına buraxacağıq, öz rəylərini verəcəklər, ssenarinin necə olduğunu müəyyənləşdirəcəklər. Yəni bu filmlə nə demək istəyirik? Ondan sonra qəbul olunan sinopsis əsasında ssenari yazılacaq. Çünki bu gün bizim kinolarda həm ssenari, həm də ritm, texnologiya problemi var. Bəzən deyirlər pul çatmır, azdır, ona görə filmlər belə alınır. Xeyr, elə deyil. Bu gün Azərbaycanda kinonun inkişafı üçün münbit şərait yaradılıb. Əgər yaxşı bir film ortaya qoysaq, inanıram ki, vəsait problemi olmayacaq. Verilən vəsaiti də düzgün xərcləyə bilsək, tədricən gəlir də əldə edə biləcəyik. 

- Onda niyə bu vaxta qədər bir yaxşı film ortaya qoya bilməmişik? 

- Bilirsiniz, o dövrün tələbləri başqa olub. 1990-cı illərin əvvəlində mütəxəssis axını ölkəni tərk etdi. Böyük ənənənə pozuldu. Vəsait olmadı, kino başlı-başına qaldı. Bu gün həmin dövrün əziyyətini çəkirik.

- Son illər istehsal olunan filmlərin çoxu elə mütəxəssislər tərəfindən çəkilib axı. Amma heç biri uğurlu alınmayıb. 

- Mütəxəssis təkcə rejissor deyil. Filmin bütün heyəti müəyyən qədər işinin mütəxəssisi olmalıdır. Onları mən günahlandırmazdım. Ola bilər sizin xoşunuza gəlməyib. 

- Tək mənim yox, kino adamlarının da. 

- Fikirlər subyektivdir. Bu barədə mübahisə etmək istəməzdim. Amma o başqa məsələdir ki, çəkilən filmləri niyə beynəlxalq bazara çıxara bilmirik. Artıq bunun üzərində çalışırıq. Beynəlxalq bazara çıxmağın vaxtı çoxdan yetişib. Türkiyədə kino bir neçə ildir inkişaf edir. Uzun bir yol keçdilər. Bizdə onlardan əvvəl uğurlar oldu, amma inkişaf etmədi. Kino komponentlərinin düzgün yerləşdirilməsi tədricən nəticə verir. Bizə lazımdır ki, detalları reallığa uyğun yerinə qoyaq. Azərbaycan məkan etibarilə gözəl bir pavilyondur. Ölkəmizin iqlim şəraiti, dənizi, meşəliyi, Qobustan və başqa gözəl məkanları var. Biz bu məkanlardan istifadə edərək çalışacağıq ki, kinostudiya təmir olunandan sonra həm də xidmət mərkəzi olsun.

- Necə xidmət mərkəzi? 

- Məsələn, çexlər çox az film çəkir. Amma onların bir studiyası var. O studiyada bir çox xarici texniki şirkətlərin nümayəndəliyini açıblar. Dünyanın bütün ölkələrindən ora gəlib film çəkirlər. Çünki qiymətlər ucuzdur. Bizim təbiətimiz imkan verir ki, onlarla rəqabətə girək. Kinostudiya təmir olunandan, bütün müasir avadanlıqlarla təchiz ediləndən sonra biz də xarici şirkətlərlə müştərək işləyəcəyik. Bizdən texnika, yer icarəyə götürəcəklər. Onların yanında isə bizim kadrlar hazırlanacaq. Kinostudiyada yaxşı filmlər çəkməklə yanaşı Azərbaycanda kino industriyasını da yaratmalıyıq. Bu yaxınlarda çox məşhur bir xarici şirkətdən bura nümayəndələr gəlmişdilər. Görüş zamanı məndən soruşdular ki, bizə nə kömək edə bilərsiniz? Dedim sizin bizə edə bilməyəcəyinizi - siz müsəlman dünyası deyən kimi ərəb, fars ornamentlərini ortaya qoyursunuz. Amma bizim bəzi rəssamlarımızın, dekorçularımızın edəcəyi işi siz edə bilməzsiniz. Dünyaya yeni mədəniyyət təqdim etməlisiniz. Onlar kino rəssamlarımızın işinə baxıb doğrudan da çaşdılar. Dedilər bəli, haqlısınız. Onların o atmosferi, ruhu verə bilən rəssamları yoxdur. Çexiyaya axın ona görədir ki, orada güclü dekorçular, gözəl geyimlər var. Bizim də gözəl geyimlərimiz var. Düzdür, bəziləri havasız, rütubət otaqda qaldığına görə yararsız hala düşüb. Amma gələcəkdə biz o geyimlərin saxlandığı məkanın formasını dəyişib oranı muzey edəcəyik. Yenə deyirəm, köhnəni dağıtmadan yenini təqdim edib qəbul etdirmək lazımdır. 

- Yeni demişkən, yeni nəsil barədə də danışaq. Bu vaxta qədər gənclər narazıydılar ki, Xamis Muradov bizə şərait yaratmır, ancaq yaşlı nəslə film verir. Bəs bundan sonra necə olacaq? 

- Mən bununla bağlı bir söz deyə bilmərəm. Amma əlbəttə ki, balansı qorumağa çalışacağıq. Məsələn, martın axırında bir gənc rejissorun filmi istehsala buraxılacaq. Maraqlı olmalıdır. Bir də ki, baxırsan gənc rejissordur, gözəl ssenarisi var, amma aktyorla işləmə qabiliyyəti zəifdir. Ona görə də bizə qərəzsiz kino tənqidi lazımdır. Mənim yeganə üstünlüyüm ondadır ki, nə ssenarist, nə də rejissor olmaq fikrindəyəm. Sadəcə bir prodüser, menecer kimi yaxşı film ortaya qoymaq istəyirəm. Bax, bu üstünlüyüm mənim subyektiv fikirlərə getməyimə yol verməyəcək. Qərəzsiz tənqidlə və ekspertlərin rəyləri ilə işimizi quracağıq. 

- Yaşlı nəslin etirazı ilə qarşılaşmaqdan ehtiyat etmirsiniz? 

- Burda yaşlı cavan olmayacaq. Söhbət kinonun keyfiyyətindən gedir. Mənimlə görüşən yaşlı nəsil də deyir ki, gənclərə kömək etmək lazımdır. Hələ elə bir problem yoxdur. Hamı tərəfdən, xüsusilə ziyalılar, yaşlı nəsil tərəfindən mənə dəstək göstərilir. Hətta bu yaxınlarda Eldar Quliyev təklif etdi ki, Bədii Şuraya gənclər də gəlsin. Şəfiqə Məmmədova ilə bir layihəmiz olacaq. Əbülfəs müəllim də tapşırıb ki, ən qabiliyyətli gənclərə kömək edin. Bu kömək olmalıdır mütləq. Bu gün mənim üçün də çətindir. Amma mənə verilən bu şansdan və şərəfli işdən istifadə edib əlimdən gələni edəcəm. 

- Ötən həftə kinostudiyanın saytının təqdimat mərasimi keçirildi. Dünyada internet neçə illərdir yaranıb. Azərbaycanda da əksər müəssisələrin saytı illərdir fəaliyyət göstərir. Amma ölkənin yeganə kinostudiyasının saytı hələ 2012-ci ildə hazır olur. Niyə bu qədər gec? 

- Sayt Xamis müəllimin dövründən hazırlanmağa başlayıb. Yəqin nəsə problemlər vardı ki yubandı. Mənim dövrümdə isə tamamlandı. Bu il əvvəlki illərdən yarımçıq qalan filmləri də tamamlayacağıq. 

- Başqa nə kimi işlər görmək fikrindəsiniz? 

- Bilirsiniz ki, kinostudiya Gürcüstan, Rusiya və İrandan icarəyə texnika götürür. Danışıqlar alınarsa, çox məşhur Avropa şirkəti kinostudiyada öz nümayəndəliyini açacaq. Ucuz qiymətə icarəyə avadanlıq verəcək. O şirkətin mütəxəssisləri filmin keyfiyyətinə də cavabdeh olacaq. Bir neçə gündən sonra şirkətin nümayəndələri ilə yenə görüşümüz olacaq. Bəzi məsələlərdə razılaşsaq, nümayəndəlik açılacaq. Təsəvvür edin, biz bunu elan edəndən sonra icarəyə avadanlıq verən şirkətlər qiymətləri 30-40 faiz aşağı saldı ki, nümayəndəlik açılmasın. Artıq bizim bir xeyrimiz var. 

- Bəs kino yayımı necə təşkil olunacaq? 

- Biz istehsal etdiyimiz məhsulu təbii ki satmalıyıq. Hamı film çəkmək istəyir. Amma o film gərək satılsın axı. Hələ ki filmlərin yayımı “Nizami” kinə mərkəzində olacaq. Kinostudiya təmir olunandan sonra rayonlardakı mədəniyyət evlərinə server yerləşdirəcəyik. Oradakı kamera ilə neçə nəfərin kinoya gəldiyi buradan görünəcək. Tamaşaçıya nəzarət edəcəyik. Yəni biləcəyik hansı rejissorun filmi baxılır, tamaşaçı gəlir. Beləcə rəqabət də yaranacaq. Kino sahəsinə düzgün yanaşma lazımdır sadəcə. Özümüzdən heç nə kəşf etmirik. Dünyanın getdiyi yolla gedirik. Kinoya dövlətin böyük dəstəyi var. Amma bu sahəni artıq özəl şirkətlərlə birlikdə də inkişaf etdirməliyik.

- Sizcə, prokat sistemi, təbliğat olandan sonra tamaşaçıların kinoya olan əvvəlki marağı qayıdacaq? 

- Burada başqa məqamlar - cəmiyyətin psixoloji durumu, tələbatı var. Prodüser o zaman qazanır ki, tamaşaçının psixoloji durumunu bilsin. Sizcə, bu gün tamaşaçı hansı filmə daha çox gedə bilər?

- Bu gün bizim tamaşaçıların çoxu ancaq əyləncəyə meyllidir. 

- Əyləncəli verilişlər, konsertlər müharibənin stressindən sonra yarandı. 2005-ci ilə qədər davam etdi. Artıq tamaşaçı əyləncədən bezib. Bu gün Azərbaycan tamaşaçısı kinoda öz qəhrəmanını axtarır. Bu gün bizim kinomuzda qəhrəmanımız yoxdur. Eləcə də uşaq nağıl qəhrəmanımız. Uşaq filmləri də çəkmək lazımdır. Uşaqların da öz qəhrəmanları olmalıdır. Prodüserin də işi odur ki, dünyada gedən prosesi bilsin, inkişaf prosesini görsün, yəni, dünya arenasına çıxmaq üçün nə lazımdır və cəmiyyət öz daxilində nə istəyir. Bu gün Azərbaycan kinosu qəhrəman istəyir. Müasir dövrün tələblərinə cavab verən sənədli film istəyir. Ona görə də işə elə cəmiyyətin psixoloji durumundan başlamaq lazımdır. 1995-96-cı illərdə Rusiyaya gedirdim. Rus şirkətləri ilə əməkdaşlıq edirdik. Otaqlarında kiçik monitorlar vardı. Hind filmlərinə baxıb adlarını yazır və kiçik kassa filmləri çəkirdilər. Soruşdum niyə belə edirsiniz? Dedilər bundan pul qazanıb ciddi filmə keçəcəyik. Və keçdilər də. Biz də çəkdik, amma keçə bilmədik. Amerika filmlərinə baxın. Kassa filmlərindəki qəhrəman Amerika xalqı və təhlükəsizliyi üçün döyüşür. Axırda qalib gəlir. Bu gün biz hansı filmi o səviyyədə çəkmişik ki, həm tamaşaçı əyləncə kimi baxıb ləzzət alsın, həm də tamaşaçıya başa salaq ki, Azərbaycanın müstəqilliyini istəməyən o qədər mənfi qüvvələr var. Bir sözlə, çalışacağıq daxili potensialımızdan istifadə edib gəlir əldə edək. Filmlərdə reklamlar verək. Bizim elə pavilyonumuz var ki, televiziya kanallarının heç birində yoxdur. təmirdən sonra oranı da icarəyə verəcəyik.

- Bəs kinonun reklamı necə təşkil olunacaq? 

- Televiziyalarda qarşılıqlı maraqlar şəklində reklamlar verəcəyik. Bütün kanallar bizimlə işləməyə hazırdırlar. Mənə zəng də ediblər, görüşmüşük də. Ən gözəl cəhət də odur ki, hamı bizə kömək etmək istəyir. Kinostudiyanın vəziyyəti hamını narahat edir. Sadəcə düzgün münasibət və qərəzsiz iş lazımdır. Biz buna nail olmağa çalışacağıq.

 Xəyalə Muradlı

======================================================

“Azərbaycanfilm” kinostudiyasının yeni saytı təqdim olundu

02.03.2012


 
 Martın 2-də “Nizami” Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yeni saytının  təqdimatı keçirildi. Təqdimatda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, ölkənin tanınmış kino  xadimləri iştirak edirdilər.
 
 Mərasimdə ilk olaraq www.azerbaijanfilm.az saytı haqqında məlumat verildi. Azərbaycan, rus və ingilis dillərində  hazırlanan saytda milli kinomuzun tarixinə aid materiallar toplanıb. Burada son illər çəkilən Azərbaycan filmləri haqqında məlumat, istehsalatda olan filmlər, onların yaradıcı qrupları, filmlərin texniki göstəriciləri ilə də tanış olmaq olar. Saytda həmçinin milli kino yenilikləri, dünya kinosunda baş verən ən son məlumatlar yer alır. Veb səhifədə “Azərbaycanfilm” kinostudiyasının fəaliyyəti, ayrı-ayrı sexlər (montaj, əlbəsə, pirotexnika, səsyazma, işıq) və pavilyonlar haqqında məlumat almaq mümkündür.
 
Tədbirdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov son illər ölkəmizdə kino sənayesində görülən işlərdən, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlərdən danışdı. Kinoda gənclərə geniş yer verildiyini nəzərə çatdıran direktor bu sahədə yeni peşəkar kadrlara ehtiyac olduğunu qeyd etdi. Kino sahəsinin inkişafı üçün hər bir kino xadiminin yeni layihələrlə müraciət etməsinin vacibliyini vurğuladı.
 
Azərbaycanda kino sahəsinin inkişafından söz açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni çəkilmiş ekran əsərlərinin müxtəlif beynəlxalq tədbirlərdə, müsabiqələrdə iştirak etdiyini, mükafatlar qazandığını vurğuladı. Qeyd olundu ki, Azərbaycan kino tarixində ilk dəfə olaraq ölkəmiz ötən il beynəlxalq Kann festivalında təmsil olunmuş, orada pavilyonumuz qurulmuş, kino xadimlərimiz müxtəlif tədbirlərə qatılmışlar. Nazir müavini bu il Kann kinofestivalında ölkəmizin daha geniş proqramla təmsil olunacağını bildirdi. Ə. Vəliyev müasir standartlara cavab verən Dövlət Film Fondunun texniki-təchizatı haqqında danışdı. Ötən ilin sonunda Nizami Kino Mərkəzinin açılmasının kino bu sahədə növbəti uğurlu addım olduğunu vurğuladı. Nazir müavini qarşıdakı illərdə həm Bakıda, həm də regionlarda müasir kinoteatrların istifadəyə veriləcəyini dedi: “Kino sahəsində ən ciddi məsələlərdən biri də kinonun təbliği, regionlarda yayım məsələsidir. Həm dünya filmləri, həmçinin son illər istehsal olunan yerli filmlərin nümayişi olduqca vacib məsələdir”.