az en ru
  “Azərbaycanfilm”in qısa tarixi
AFKİ-nin emblemi

Rusiyanın XI Qızıl ordusunun Azərbaycanı işğal etdikdən və Sovet hakimiyyəti qurulduqdan  bir az sonra, 1923-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Foto Kino İdarəsi (AFKİ) yaradıldı. Bütün sahələrdə olduğu kimi kinoda da milliləşmə prosesi gedərək, özəl sektorun inkişafının qarşısı alındı.

 

 AFKİ-i Bakıda keçmiş “Renessans” restoranının binasında Dövlət Kino fabrikinin (gələcək “Azərbaycanfilm” kinostudiyası) yaradılmasına başlandı və çox çəkmədi ki, aprelin 28-də Kinofabrikin açılışı oldu və dövlət kinofabrikində çəkilən ilk film “Qız qalası” filmi oldu. Filmi çəkmək üçün rejissor Ballyuzek Moskvadan dəvət olunmuşdu.

1925-ci ildə AFKİ-i dəyişdirilib dövlət Kino-fabriki ilə birləşdirilərək əvvəlcə “Azərdövlətkino”, sonra isə “Azərkino” adlandırıldı və onun rəhbəri Şamil Mahmudbəyov təyin edildi. Kino-fabrikdə sexlər, çəkiliş pavilyonları, laboratoriyası olan kino istehsalatı bazası yaradılır.

Təzə yaranan kino istehsalatını təmin etmək üçün milli kadrlara çox böyük ehtiyac var idi. Ona görə həm filmlərin keyfiyyətinin artrılması, həm də yerli kadrların hazırlanması üçün, Moskvadan və Leninqraddan professionallar dəvət olunurdu. V.Pudovkin, N.Şengelaya, İ.Savçenko, A.Bəynəzərov, M.Çiaureli kimi görkəmli rejissorlar Bakıya dəvət olunurdu. A.M.Şərifzadə, C.Cabbarlı, Braginskiy, M.Mikayılov, A.Quliyev, Ə.Tahirov və başqaları ilk yerli kadrlar idilər. Həmin ərəfədə, iyirminci illərin ortalarında Abbas Mirzə Şərifzadə, Mirzə Ağa Əliyev, Kazım Ziya, Sidqi Ruhulla, Mustafa Mərdanov, İsmayıl Hidayətzadə, Möhsün Sənani kimi Azərbaycanın görkəmli səhnə ustaları kinoda işləməyə başlamışlar.

Kinofabrikin binasının tikintisində Kinofabrikin binası 1925-ci il Kinofabrikin ilk dekorasiyası 1925-ci il Kinofabrikdə qrim otağı 1925-ci il

 

 

 

 

 

 

A.M.Şərifzadə C.Cabbarlı A.Quliyev M.Mikayılov

Milli kinomuzun və kinostudiyanın inkişafının ilk mərhələlərində həm rejissor,  həm də aktyor kimi Abbas Mirzə Şərifzadənin böyük xidməti olmuşdur. Onun rejissoru olduğu “Bismillah” filmi ilk Azərbaycan rejissorunun çəkdiyi film və ilk uğur idi. Səssiz kino ərəfəsində dövlət kino-fabrikində çəkilmiş “Gilan qızı” (rej. Leo Mur), “Hacı Qara” (rej. A.M.Şərifzadə), “Sevil” (rej. A.Bəynəzərov), “Lətif” (rej. M.Mikayılov), “26 komissar”( rej. N.Şengelaya), “İsmət” (rej. M.Mikayılov), “Almas” (rej. A.Quliyev, Q.Braginskiy) və digər filmlərin mövzuları və ideyası bütün Sovetlər məkanında olduğu kimi kommunist ideologiyasının sifarişi idi və ona qulluq edirdi.  Bu ərəfə “Azərkino” dövlət kino fabrikinin (sexlərin, pavilyonların, laboratoriyanın), milli kinoistehsalati prosesinin və milli kadrların formalaşmasında, sənətçilərimizin yaradıcı axtarışlarında və mübadiləsində əvəzsiz rol oynamışdır.
30-cu illərin əvvəllərində Moskvanın Kinematoqrafiya İnstitutuna  professional təhsil almaq üçün Səməd Mərdanov, Əlisəttar Atakişiyev, Rza Təhmasib, Hüseyn Seyidzadə, Niyazi Bədəlov, Muxtar Dadaşov, Rəsul Rza, Ənvər Məmmədxanlı, Sabit Rəhman göndərilir və onlar kinostudiyanın yaradıcı kollektivinin əsasını təşkil edir.

Səməd Mərdanov Əlisəttar Atakişiyev Rza Təhmasib Huseyn Seyidzadə  Muxtar Dadaşov Sabit Rəhman
     “Kəndlilər” – 1939, rej. S.Mərdanov

Moskvada təhsili bitirən  ilk professional Azərbaycan kinorejissoru Səməd Mərdanov 1936-cı ildə Boris Barnetlə birgə ilk səsli “Mavi dənizin sahilində” filmini çəkir. Bu film bəzi tanınmış kino nəzəriyyəçilərinin dünyada çəkilən ən yaxşı filmlərinin siyahısına salınmışdır. 1939-cu ildə Səməd Mərdanov “Kəndlilər” filminin çəkilişlərinə başlayır, amma əfsuslar olsun ki, filmin təqdimetmə mərasimində iştirak etmək ona nəsib olmadı. Onun həyatı faciəli şəkildə qırıldı.
1936-cı ildə kinostudiyada ilk dəfə olaraq məşhur “Çapayev” bədii filminin rus dilindən Azərbaycan dilinə tərcüməsi reallaşmışdır. (dublyajın rejissorları: Ş.Şeyxov, B.Konstantinov)
“Çapayev” filminin Azərbaycan dilinə dublyajından sonra Sovet İttifaqının başqa milli studiyaları bədii filmlərin dublyaj edilməsi metodunu öyrənmək üçün öz rejissorlarını “Azərfilm” studiyasına göndərirlər.
O vaxtdan bəri “Azərfilm” studiyası sovet kinematoqrafiyasının ən yaxşı əsərlərini və xarici filmləri Azərbaycan dilin dublyaj etməyə başlayır. Dublyaj işi ilə rejissorlar Ş.Şeyxov, H.İsmayılov, Z.Kazımova, İ.Əfəndiyev, H.Əliyev, Y.Bağırov, Y.Yulduz məşğul olurdular.   
1941-ci ildə kinostudiyanın adı dəyişdirilərək “Bakı kinostudiyası” adlandırılır. 1945-ci ildə isə kinostudiya Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının ekranlaşdırılmasına başlayır və quruluşu rejissor Rza Təhmasib və Lev Leşşenkoya həvalə edir. Film çox böyük tənqid atəşinə tutulmasına baxmayaraq milli koloriti, yumoru və nikbinliyi onu Azərbaycanda və xaricdə çox populyar etdi və film o vaxtın ən yüksək mükafatı olan SSRİ-nin Dövlət mükafatına layiq görüldü.

“Arşın mal alan” – 1945, rej. R.Təhmasib, M.Leşşenko

40-cı illərin sonunda SSRİ üzrə istehsal olunan filmlərin sayı xeyli azaldı və kinostudiya ancaq “Fətəli xan” və “Bakının işıqları” filmlərini istehsal etməyə nail oldu.
50-60-cı illərdə Bakı kinostudiyasında Həsən Seyidbəyli, Tofiq Tağızadə, Əjdər İbrahimov,
Adil İsgəndərov, Həbib İsmayılov, Lətif Səfərov, Şamil Mahmudbəyov kimi rejissorlar, operatorlar: Xan Babayev, Arif Nərimanbəyov, Teyyub Axundov, rəssamlar: Kamil Nəcəfzadə, Məmmədağa Hüseynov, Elbəy Rzaquliyev və başqaları fəaliyyət göstərməyə başlayırlar. Bu ərəfədə kinostudiyada istehsal olunan filmlərin sayı da artdı və bu da istehsal olunan filmlərin mövzularının genişlənməsinə imkan yaratdı.

Həsən Seyidbəyli Tofiq Tağızadə Əjdər İbrahimov Həbib İsmayılov
  Adil İsgəndərov        

Lətif Səfərov

Şamil mahmudbəyov

Xan Babayev

  Arif Nərimanbəyov
Teyyub Axundov Kamil Nəcəfzadə Məmmədağa Hüseynov Elbəy Rzaquliyev


“O olmasın, bu olsun” – 1956, rej. H.Seyidzadə

“Bəxtiyar” –rej. Lətif Səfərov (1956); "O olmasın, bu olsun" (1956) və "Yenilməz batalyon"(1966) - rej. Hüseyn Seyidzadə; "Bir məhəlləli iki oğlan" – rej. İ.Qurin və Əjdər İbrahimov (1957), "Uzaq sahillərdə" – rej. Tofiq Tağızadə (1958); "Ögey ana” – rej. Həbib İsmayılov (1958); "Telefonçu qız" (1962) və "Sən niyə susursan?" (1967) - rej. Həsən Seyidbəyli, "Bir qalanın sirri"(1959) və "Sehrli xalat" (1964) rej. Əlisəttar Atakişiyev.

60-cı illərin ikinci yarısından və 70-ci illərin əvvəlindən “Azərbaycanfilm” kinostudiyasında yeni adlar peyda oldu: Eldar Quliyev, Rasim Ocaqov, Arif Babayev, Oqtay Mirqasımov, Kamil Rüstəmbəyov, Tofiq İsmayılov, Gülbəniz Əzimzadə, Teymur Bəkirzadə, Fikrət Əliyev, Əbdül Mahmudov, Ənvər Əbluc, Yuli Qusman, Zaur Məhərrəmov, Rasim İsmayılov, Valeri Kərimov, Şərif Şərifov, Ŕnar, Ŕlla Ŕxundova, Rüstəm və Maqsud İbrahimbəyovlar, İsa Hüseynov, Yusif Səmədoğlu, Ramiz Fətəliyev, Mayis Ağabəyov, Nadir Zeynalov,  Rafiq Qəmbərov, Kənan Məmmədov və başqaları.

Bu ərəfədə çəkilən filmlərin əsas mövzusu insan şəxsiyyətinin əks olunması və bədii araşdırmalar tələb edən, şəxsiyyətin qarşısında yaranan problemlər idi. Kinorejissor Eldar Quliyevin “Bir cənub şəhərində” (1969) filmi qoyduğu problemlərin yeniliyi və bəzi milli xüsusiyyətlərin açıqlanması ilə Azərbaycan kinosunda yeni bir mərhələnin başlanğıcını qoydu. Film birmənalı qarşılanmadı. Həttə onun nümayişinə dövlət tərəfindən bir ara qadağa da qoyuldu.
Bu illərdə kinorejissorlar cəmiyyətin sosial təbəqələrini və onların ziddiyyətlərini açmağa cəhd göstərən filmlər çəkirlər. Bununla yanaşı mənəvi problemlər də kənarda qalmır: Rejissor Arif Babayevin “Uşaqlığın son gecəsi” (1970)  və “Gün keçdi” (1971), rejissor Həsən Seyidbəylinin “Bizim Cəbiş müəllim” (1969)  və “Xoşbəxtlik qayğıları” (1976), rejissor Rasim Ocaqovun “Ad günü” (1977)  və “İstintaq” (1979), rejissor Şamil Mahmudbəyovun “Şərikli çörək” (1970) və başqa filmləri idi.

 “Uşaqlığın son gecəsi” 1968, rej. A.Babayev
 “Gün keçdi” 1971, rej. A.Babayev  “Bizim Cəbiş müəllim” 1969, rej. H.Seyidbəyli

 

“Xoşbəxtlik qayğıları” 1976, rej. H.Seyidbəyli “Ad günü” 1977, rej. R.Ocaqov “İstintaq” 1979, rej. R.Ocaqov

 

“Şərikli çörək” 1969, rej. Ş.Mahmudbəyov

Bu ərəfədə xalqımızın keçmişinə həsr olunmuş ən uğurlu tarixi filmlər yaradılır.  1974-cü ildə rejissor Həsən Seyidbəyli XIV əsrin dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin həyat və yaradıcılığına və faciəli ölümünə həsr olunmuş “Nəsimi” monumental   ekran əsərini yaradır.  Kinorejissor Tofiq Tağızadə 1977-ci ildə Azərbaycanın “Dədə Qorqud” dastanının motivləri əsasında eyniadlı film çəkir. IX əsrin xalq-azadlıq hərəkatının əfsanəvi rəhbəri haqqında kinorejissor Eldar Quliyev 1980-ci ildə “Babək” filmini çəkir.
Bakı və Moskvada kommunistlərin qurduğu senzuraya baxmayaraq o dövrün tarixi-inqilabi janra aid olunan “Dəli Kür” – rejissor Hüseyn Seyidzadə (1969), “Yeddi oğul
istərəm”- rejissor Tofiq Tağızadə (1970), “Axırıncı aşırım” – rejissor Kamil
Rüstəmbəyov (1972) filmlərində film müəlliflərinin çəkdikləri filmlərdə göstərilən inqilabi dövrün “mənfi qəhrəmanlarına” rəğbəti açıq-aşkar izlənilir.

“Dəli Kür” 1969, rej. H.Seyidzadə “Yeddi oğul istərəm” 1970, rej. T.Tağızadə “Axırıncı aşırım" 1971, rej. K.Rüstəmbəyov

 80-ci illərdə “Azərbaycanfilm” kinostudiyası ən çox bədii film istehsal edir. Onların sırasında kinematoqrafın bütün janrlarını əhatə edən filmlər var idi. Onların mövzuları da müxtəlif idi.
Onlardan: Uşaqlar üçün cəkilmiş: “Təkcə adanı özünlə apara bilməzsən” (1980) - rejissor Gülbəniz Əzimzadə, “Süd dişinin ağrısı” (1981) – rejissor Hüseyn Mehdiyev, ”Asif, Vasif, Ağasif” (1981) – rejissor Rasim İsmayılov, “Musiqi müəllimi” (1983) – rejissor Tofiq İsmayılov; Komediya filmləri: “Yol əhvəlatı” (1981) – rejissor Teymur Bəkirzadə,  “Evlənmək istəyirəm” (1983) – rejissor Cahangir Mehdiyev, “Bəyin oğurlanması” (1985) – rejissor Ceyhun Mirzəyev və Vaqif Mustafayev; Musiqili filmlər: “Qorxma mən səninləyəm” (1981) – rejissor Yuli Qusman, “Yeddi gözəl”(1982) – rejissor F.Slidovker; Tarixi filmlər: “Nizami” (1982) – rejissor Eldar Quliyev, “Üzeyir ömrü” (1981) – rejissor Anar, “Qanlı zəmi” (Qaçaq Nəbi, 1983) – rejissor Əbdül Mahmudov, Həsənağa Turabov; Psixoloji dram: “Park” (1983) və “Özgə ömür” (1987) – rejissor Rasim Ocaqov, “Cansıxıcı əhvalat”(1988) – rejissor Cəmil Quliyev; Sosial dram: “Bağlı qapı arxasında” (1981) – rejissor Rasim Ocaqov, “Sahilsiz gecə” (1989) – rejissor Şahmar Ələkbərov, “Yaramaz” (1988) – rejissor Vaqif Mustafayev, “Lətifə” (1989) – rejissor Yefim Abramov və Nizami Musayev; Dedektiv: “Birisigün gecəyarısı” (1981) – rejissor Arif Babayev, “Əlavə iz” (1981) –rejissor Teymur Bəkirzadə, “Aşkarsızlıq şəraitində”(1986) – rejissor Fərhad Yusifov,  “Şeytan göz qabağında” (1987) – rejissor Oqtay Mirqasımov; Portret filmlər: “Qəm pəncərəsi” (1986) – rejissor Anar, “Sizi dünyalar qədər sevirdim”(1985) – rejissor Rasim İsmayılov, “İşarəni dənizdən gözləyin” (1986) – rejissor Ceyhun Mirzəyev;
Sənədli filmlərin istehsalında “Azərbaycanfilm” kinostudiyasının “Sənədli və Xronikal filmlər Birliyində” rejissorlar  Zaur Məhərrəmov, Yalçın Əfəndiyev, Xamis Muradov, Teymur və Nicat Bəkirzadələr, Cəmil Fərəcov, Davud İmanov, Ruslan Şahmalıyev, Cahangir Zeynalov və başqaları tarixi yaddaşımızı, günün problemlərini və xronikasını lentə alıb bədii formada tamaşaçılara çatdırırdılar.

Bu ərəfədə “Azərbaycanfilm”in istehsalı olan: Teymur Bəkirzadənin “Dissonans”, rejissor Rasim Ocaqovun “Ad günü” və “İstintaq”, Gülbəniz Əzimzadənin “Təkcə adanı özünlə apara bilməzsən”, Oqtay Mirqasımovun “Şeytan göz qabağında” və Vaqif Mustafayevin “Yaramaz” filmləri Ümumittifaq kinofestivallarında ən yüksək mükafatlara layiq görülürlər.
“Azərbaycanfilm”in istehsalı olan bu filmlər isə SSRİ və ölkəmizin ən yüksək mükafatına – Dövlət mükafatına layiq görülmüşlər: “Arşın mal alan” (1945) –rej. R.Təhmasib, M.Leşşenko - SSRİ, “Şərikli çörək” rej. Ş. Mahmudbəyov, “Ad günü” rej. R.Ocaqov, “Sevinc buxtası” rej. E.Quliyev, “İstintaq” rej. R.Ocaqov - SSRİ, “Birisigün gecəyarısı” rej. A.Babayev, “Qanlı zəmi” rej. Ə.Mahmudov, H.Turabov, “Yaramaz” rej.V.Mustafayev. Sənədli filmlərdən isə rejissor Roman Karmen, Muxtar Dadaşov, Xamis Muradovun filmləri SSRİ-nin və Azərbaycanın Dövlət Mükafatına layiq görülürlər.

Yenidənqurma ərəfəsi keçmiş Sovet Respublikalarının müstəqilliyi ilə nəticələndi və bütün sahələrdə olduğu kimi “Azərbaycanfilm” kinostudiyasında da şəxsi sektorun elementləri hiss olunmağa başladı. Əgər indiyə qədər filmlər Moskvanın Kinematoqrafiya Komitəsində təsdiq olunandan sonra istehsalata buraxılırdısa, indi kinostudiya müstəqillik əldə etdi və sahibkarlar filmin istehsalına maliyyə vəsaiti ayırmağa başladılar. Kinorejissor Əbdül Mahmudovun “Gecə qatarında qətl”, Hüseyn Mehdiyevin “Şahid qız”, Gülbəniz Əzimzadənin “Qətl günü”, Rasim İsmayılovun “Təxribat” və s. filmləri “Universal Bank”ın maliyyə yardımı ilə istehsal edilir.
90-ı illərdə  müstəqilliyimizin ilk çağlarında yeni və müstəqil studiyalar yaradılmağa başlanılmasına baxmayaraq “Azərbaycanfilm” kinostudiyası öz aparıcı rolunu saxlamaqda idi və bu ərəfədə xalqımızın dərdini və düşdüyü faciəni ağrı ilə, vətən sevgisi ilə, bədii formada açan vətənpərvərlik ruhunda çəkilmiş Ceyhun Mirzəyevin ”Fəryad”, Ənvər Əblucun “Ağ atlı oğlan”, Gülbəniz Əzimzadənin “Ümid”, Rüfət Əsədovun “Arxada qalmış gələcək”, Elxan Qasımovun “Biz qayıdacağıq” filmləri tamaşaçının rəğbətini qazanır.
Öz yaradıcıqları ilə Azərbaycan kinosuna yenilik gətirən rejissorlar, ssenaristlər, operatorlar kinostudiya ilə əməkdaşlığı davam edirdilər: rejissorlar Ŕyaz Salayev, Vaqif Mustafayev, Hüseyn Mehdiyev, Yavər Rzayev, Cəmil Quliyev, Şahmar Ələkbərov, Ramiz Əzizbəyli, ssenaristlər Ramiz Rövşən, Orxan Fikrətoğlu, Natiq Rəsulzadə, Aydın Dadaşov, operatorlar Rafiq Quliyev, Amin Novruzov, Rövşən Quliyev, Nizami Abbas, Adil Abbas, Nadir Mehdiyev və başqaları.

 “Özgə vaxt” 1996, rej. H.Mehdiyev  “Sarı Gəlin” 1998, rej. Y.Rzayev  “Ovsunçu” 2002, rej. O.Mirqasımov
 “Əlavə təsir”  2010, rej. E.Cəfərov  “Niyyət” 2010, rej. S.Kərimoğlu   

1996-cı ildə “Azərbaycanfilm”də istehsalatı başa çatmış Hüseyn Mehdiyevin “Özgə vaxt” filmi I Beynəlxalq Ěadrid Kinofestivalında “Ən yaxşı rejissor” və “Ən yaxşı gənc aktrisa” nominasiyaların qalibi olur və “Qızıl Sibilla” və “Gümüş Sibilla” mükafatlarına layiq görülür. Bu film 30-dan artıq ölkədə festivallarda nümayiş olunur. 1998-ci ildə isə Yavər Rzayevin "Sarı Gəlin" filmi Karlovo Varıda keçirilən Beynəlxalq Kinofestivalda Amerikanın təsis etdiyi "Azadlıq" mükafatını və Rusiyanın “Kinoşok” Festivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olur. 2005-ci ildə rejissor Oqtay Mirqasımovun “Ovsunçu” filmi Kazanda keçirilən “Qızıl minbər” Birinci Beynəlxalq İslam Kino Festivalında ən yüksək mükafata “Qran-pri”-yə layiq görülüb. Eldar Quliyevin “Girov” filmi isə 2005-ci ildə İsveçdə “Geteborq Ekzayl Film Festival”ında, 2006-cı ildə Misirdə “Qahirə Beynəlxalq Kino Festivalı”nda, 2007-ci ildə Çexiyada “Karlova Varı” Beynəlxalq Kino Festivalında və 2008-ci ildə Polşanın Varşava və Krakov şəhərlərində nümayiş etdirilmiş və mükafatlara layiq görülmüşdür. Artıq “Azərbaycanfilm” kinostudiyası Beynəlxalq Kinofestivallarda öz filmləri ilə təmsil olunur.  
Bu gün “Azərbaycanfilm” kinostudiyasında cavan sənətçilər  öz yaradıcılıqlarını sınaqdan keçirirlər və artıq əminliklə demək olar ki, müəyyən ənənəyə malik və milli kinonun inkişafında və sənətçilərin formalaşmasında bir məktəb olan “Azərbaycanfilm” kinostudiyasına yeni nəsil rejissorlar, ssenaristlər, operatorlar və rəssamların gəlməsi reallıqdır.



AZƏRBAYCANFİLM