Quliyev Cəmil Elşad oğlu

Direktor

Quliyev Cəmil Elşad oğlu

Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A.Alov və V.Naumovun emalatxanası) bitirmişdir.
1984-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi çalışmış, bir çox sənədli və bədii filmlərə quruluş vermişdir.
Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə beynəlxalq festivallarda iştirak etmişdir.
1987-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətə başlamışdır.
1998-2006-cı illərdə həmin universitetin “Kino və Televiziya sənəti” kafedrasının müdiri və dosenti olmuşdur. Hal-hazırda da həmin universitetdə dosent kimi çalışır.
Cəmil Quliyev 2000-2005-ci illərdə Beynəlxalq Audivizual Festivalın direktoru vəzifəsində çalışmışdır.
2006-cı ildən 2013-cü ilədək Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə Mədəniyyət kanalının, 2013-2018-ci illərdə İctimai Televiziyanın baş direktoru olmuşdur.
Cəmil Quliyev
- 1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının
- 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının
- 2009-cu ildən Beynəlxalq Muzeylər Şurasının
- 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının
akademiki və üzvüdür.

Cəmil Quliyev 1998-ci ildə “Humay” mükafatına, 2005-ci ildə Azərbaycan Əməkdar incəsənət xadimi fəxri adına, 2010-cu ildə “Zirvə” mükafatına, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülmüşdür. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İcraçı Katibidir.

2019-cu ilin sentyabr ayından C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edir.

Subaydır, bir övladı var.