Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu

I fəsil

 ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

kinematoqrafiya — kinematoqrafiya əsərlərinin yaradılmasına və istifadəsinə yönəldilmiş peşəkar, yaradıcı, istehsal, elmi, texniki və təhsil fəaliyyətinin məcmusundan ibarət mədəniyyət və incəsənət sahəsi;

film — yaradıcı ideya əsasında bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi, televiziya və başqa janrlarda yaradılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq qurğular vasitəsilə görmə və eşitmə qavrayışı üçün nəzərdə tutulan, kinolentə və başqa daşıyıcılara həkk olunan, mövzu bütövlüyü əsasında birləşdirilən təsvirlər silsiləsindən ibarət audiovizual əsər (tammetrajlı film — 52 dəqiqədən az olmayan, qısametrajlı film — 52 dəqiqədən az olan film);

kinosalnamə — audiovizual vasitələrlə dövrün səciyyəvi xüsusiyyətlərini və xalqın tarixini özündə əks etdirən və müntəzəm çəkilən sənədli süjetlər;

filmin yayımı — filmin müxtəlif forma və vasitələrlə yayılması;

filmin nümayişi — filmin kinozalda, efir, kabel, peyk televiziyası və başqa texniki vasitələrlə kütləvi nümayişi;

filmin quruluşçu rejissoru — filmin yaradılması ilə bağlı yaradıcılıq və istehsalat işini idarə edən və filmin bədii-ideya mənasını müəyyənləşdirən peşəkar yaradıcı şəxs;

filmin prodüseri — filmin maliyyələşdirilməsini, istehsalını və yayımını öhdəsinə götürən hüquqi və ya fiziki şəxs;

filmin çəkiliş qrupu — bilavasitə filmin istehsalı ilə məşğul olan yaradıcı, texniki və inzibati işçilərdən ibarət heyət;

kinozal — filmin nümayiş edildiyi yer;

kinematoqrafiya müəssisəsi — təşkilati-hüquqi formasından asılı olmayaraq, fəaliyyət növlərinə görə film istehsalı, kinosalnamə çəkilişi, filmin çoxaldılması, bərpası, yayımı və nümayişi, kinozala texniki xidmət, kino materiallarının vəavadanlığının hazırlanması, film, kinosalnamə istehsalı üzrə işlərin görülməsi və xidmət göstərilməsi (kino avadanlığının kirayəyə verilməsi, pavilyonların, kino komplekslərinin icarəyə verilməsi, kostyumların tikilişi, dekorasiyaların qurulması, qrimin, parik məmulatının, rekvizitin, oyun texnikasının, xüsusi effektlərin hazırlanması, kinolentlərin emalı, filmin səs düzümü və s.), kinematoqrafiya sahəsində tədris, elmi, təbliğai, nəşriyyat, reklam-təbliğat və təchizat, filmin və kinosalnamənin yekun materiallarının mühafizəsi ilə məşğul olan müəssisə;

kinematoqrafiya ictimai birliyi — yaradıcılıq və sosial problemlərin həlli məqsədilə ittifaq, birlik, gildiya, assosiasiya və başqa qurumlarda kinematoqrafçıların birləşdikləri yaradıcı və ya peşəkar ictimai birlik;

filmin ilkin materialları — filmin çoxaldılması üçün lazım olan neqativ, kontratip, filmin nəzarət nüsxəsi, dialoq, monoloq, replika, səs və səs effektlərinin maqnit fonoqramlarının orijinalı;

filmin çoxaldılması — istənilən maddi formada (kinolent, video və digər daşıyıcılar üzərində) filmin bir və ya daha artıq nüsxəsinin hazırlanması;

debüt filmlər — kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçinin ilk yaradıcılıq işi.

Maddə 2. Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Maddə 3. Kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları

Kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları aşağıdakılardır:

kinematoqrafiya sahəsində qanunvericiliyin yaradılması, Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi;

kinematoqrafiyanın yaradıcı, təhsil, istehsal, maddi-texniki, elmi və informasiya bazasının təmin olunması, kinematoqrafiya kadrlarının hazırlanması;

kinematoqrafiyanın qorunmasına və inkişafına dövlət təminatı, filmlərin yayımı və nümayişi üçün şərait yaradılması, kinofestivalların və təbliğat xarakterli digər tədbirlərin keçirilməsi;

dövlət sifarişi əsasında çəkilən filmlərin istehsalının, yayımının və onların beynəlxalq kinofestivallarda iştirakının, kinosalnamə çəkilişinin və dövlət film fondunun maliyyələşdirilməsi;

uşaq və gənclər üçün filmlərin və debüt-filmlərin yaradılmasının təmin edilməsi;

kinematoqrafiya sahəsində beynəlxalq əməkdaşlığa təminat verilməsi.

Maddə 4. Milli film

Film aşağıdakı hallarda milli film hesab olunur:

filmin prodüseri Azərbaycan Respublikasının vətəndaşı və ya qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduqda;

filmin çəkiliş qrupunda Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər 30 faizdən artıq olmadıqda;

film Azərbaycan dilində çəkildikdə;

qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və filmin istehsalını, çoxaldılmasını, yayımını, nümayişini həyata keçirən kinematoqrafiya müəssisələri filmin smetasında nəzərdə tutulmuşümumi iş həcminin 50 faizindən çoxunu yerinə yetirdikdə;

film istehsalında xarici investisiyaların həcmi filmin smeta dəyərinin 30 faizindən artıq olmadıqda.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq xarici kinematoqrafiya müəssisələri ilə müştərək çəkilmiş filmlər də milli film hesab oluna bilər.

II fəsil

 KİNEMATOQRAFİYA FƏALİYYƏTİNİN TƏŞKİLİ

Maddə 5.(Çıxarılıb) [1]

Maddə 6. Kinematoqrafiya sahəsində müəlliflik hüququ

Kinematoqrafiya sahəsində müəlliflik hüququ və kinematoqrafiya fəaliyyətinə xüsusi icazə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.[2]

Maddə 7. Filmlərin dövlət reyestri

Kino və videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasıərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulmuş bütün filmlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir.

Filmlərin yayımı və nümayişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 8. Kinematoqrafiya fəaliyyətinin formaları

Kinofilmlərin (audiovizual informasiya daşıyıcılarından asılı olmayaraq) yaradılması, nümayişi, yayımı, istifadəsi, təbliği və mühafizəsi kinematoqrafiya fəaliyyətinin formaları hesab olunur.

Maddə 9. Dövlət kinematoqrafiya müəssisələrinin özəlləşdirilməsi

Dövlət kinematoqrafiya müəssisələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Dövlət kinematoqrafiya müəssisələri özəlləşdirilərkən onların əsas fəaliyyət növü kimi kinematoqrafiya fəaliyyəti saxlanmalıdır.

Maddə 10. Dövlət film fondu. Filmlərin ilkin materiallarının mühafizəsi

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan, nümayişinə və yayımına icazə verilən, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq, mədəni, bədii, ictimai-siyasi, elmi, tarixi və praktik əhəmiyyət daşıyan filmlərin ilkin materialları və surətlərinin, o cümlədən müəyyən səbəblərə görə kütləvi nümayiş etdirilməmiş və ya istehsalı dayandırılmış filmlərin ilkin materialları və surətlərinin mühafizəsini dövlət film fondu həyata keçirir.

Dövlət film fondu filmlərin, kinosalnamələrin və onların ilkin materiallarının mühafizəsi zamanı müəlliflik və əlaqəli hüquqlara riayət olunmasını təmin edir.

III fəsil

 KİNEMATOQRAFİYA SAHƏSİNDƏ YARADICILIQ FƏALİYYƏTİ

Maddə 11. Peşəkar yaradıcı işçilər və kollektivlər

Əsas məşğulluq növü və gəlir mənbəyi kinematoqrafiya fəaliyyəti olan hər bir şəxs kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçi hesab olunur.

Dövlət kinematoqrafiya sahəsində fəaliyyət göstərən peşəkar yaradıcı işçilərin və kollektivlərin yaradıcılıq azadlığına təminat verir.

Kinematoqrafiya sahəsində birgə səy tələb edən yaradıcılıq işlərini həyata keçirmək üçün peşəkar yaradıcı işçilərin filmin quruluşçu rejissorunun rəhbərliyi ilə fəaliyyət göstərən birliyi peşəkar yaradıcı kollektiv hesab olunur.

Peşəkar yaradıcı işçilər və kollektivlər yaradıcılıq fəaliyyəti sahəsində hüquqların həyata keçirilməsi ilə əlaqədar müstəqil subyektlər kimi çıxış edir, onların hüquqi vəziyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Maddə 12. Peşəkar yaradıcı işçilərin və kollektivlərin hüquq və vəzifələri

Kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçilərin və kollektivlərin hüquqları aşağıdakılardır:

yaradıcılıq fəaliyyətinin nəticələrini kinematoqrafiya təcrübəsində qəbul olunmuş vasitə və üsullarla reallaşdırmaq və geniş tamaşaçı kütləsinə çatdırmaq;

yaradıcı ideyanı mühafizə etmək və müvafiq vasitələrlə onu həyata keçirmək;

kinematoqrafiya sahəsində yeni və orijinal istiqamətləri və janrları həyata keçirmək;

milli və dünya kinematoqrafiya sərvətlərindən istifadə etmək;

peşəkar təhsil almaq və ixtisas artırmaq (o cümlədən xarici ölkələrdə);

yaratdıqları əsərlərin taleyini müstəqil həll etmək;

öz təşəbbüsləri ilə kinematoqrafiya müəssisələri, fond və yaradıcılıq ittifaqları, ictimai birliklər təsis etmək (o cümlədən beynəlxalq miqyasda) və həmin qurumlara sərbəst daxil olmaq.

Kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçilərin və kollektivlərin vəzifələri aşağıdakılardır:

kinematoqrafiya sahəsində qanunvericiliyə əməl etmək;

milli kinematoqrafiya və kino incəsənəti irsini, bu sahədə milli ənənələri və xüsusiyyətləri qorumaq və inkişaf etdirmək.

IV fəsil

 KİNEMATOQRAFİYA FƏALİYYƏTİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ

Maddə 13. Maliyyələşdirmə mənbələri

Kinematoqrafiya müəssisələri mülkiyyət formasından asılı olaraq dövlət büdcəsindən və xüsusi mülkiyyətçinin vəsaitləri, fiziki və hüquqi şəxslərin könüllü ayırmaları, özlərinin fəaliyyətindən əldə edilmiş gəlirlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Maddə 14.(Çıxarılıb) [3]

V fəsil

 YEKUN MÜDDƏALARI

Maddə 15. Beynəlxalq əməkdaşlıq

Kinematoqrafiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

Maddə 16. Kinematoqrafiya haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Kinematoqrafiya haqqında qanunvericiliyin pozulmasına görə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 3 iyul 1998-ci il

№ 515-IQ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)
  2. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)
  3. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 5-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 5. Kinematoqrafiya fəaliyyəti ilə məşğul olanların dövlət qeydiyyatı

Azərbaycan Respublikasında kinematoqrafiya fəaliyyətini qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarıəcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər həyata keçirirlər.

Mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq kinematoqrafiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin dövlət qeydiyyatına alınması, kinematoqrafiya infrastrukturunun inkişafınıəlaqələndirilməsi qanunvericilikdə nəzərdətutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

[2] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 6-cı maddəsindən "və kinematoqrafiya fəaliyyətinə xüsusi icazə verilməsi" sözləri çıxarılmışdır.

 

[3] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 14-cü maddəsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 14. Vergi güzəştləri

Kinematoqrafiya müəssisələrinə maliyyə yardımı ayıran hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi güzəştləri tətbiq edilə bilər.