az en ru
  Xəbərlər
Bizim kino günləri 2017 – Mətbuat konfransı

01 fevral 2017

“Azərbaycan kinosu böyük islahatlar ərəfəsindədir. Son söz Milli Məclisindir”

Fevralın 1-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və  Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ənənəvi “Bizim Kino Günləri" layihəsinin açılışına həsr olunan mətbuat konfransı keçirildi.

Mətbuat konfransında çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirdi ki, hazırda qarşıda duran əsas məqsədlərdən biri Azərbaycan kinosunu dünyaya çıxarmaqdır. "Son illərdə Azərbaycan filmləri 160 dəfədən çox beynəlxalq film festivallarında iştirak edib. Müasir dövrün tələblərinə uyğun olaraq, ölkədə yaradıcı sistemi qurmaq üçün yeni qanun layihəsi lazımdır. Qanun layihəsini Milli Məclisə təqdim etmişik, müzakirələr gedir. Qanunun qəbulundan sonra yeni işlər görüləcək. Məsələn, film komissiya və müstəqil kino fondlarının yaradılması planlaşdırılır. Əlavə edilib ki, Azərbaycan kinosunda özəl film sektoru meydana gəlib. Rejissorlar müstəqil prodüserlə birgə filmlər çəkib Azərbaycan tamaşaçısının diqqətini cəlb etməyə başlayıblar. Ola bilər, filmlərin bədii keyfiyyəti zəifdir, amma bu qığılcımı məşələ çevirməliyik. "Azərbaycanfilm" kinostudiyası olaraq bizim əsas məqsədimiz iş görən, iş görməyi bacaran mütəxəssislərlə əməkdaşlıq etmək və onları dəstəkləməkdir. Gənc kadrların kinoya cəlb edilməsi və onların Azərbaycana gətirdiyi uğurlardan söz açan direktor əlavə edib ki, növbəti islahatlar üçün addımlar atılmalıdır. Bizim ilk islahatlarımız müasir iş prinsipini həyata keçirmək üçün yeni istehsal sisteminin qurulması və xaricdə və ölkədə yaşayan 30-a yaxın gəncləri sınaqdan keçirərək yeni filmlərin yaranması oldu. Qeyd etdiyim kimi, Milli Məclisdə qanun layihəsi qəbul edildikdən sonra biz Prodüserlər Gildiyası ilə bir sıra layihələri həyata keçirməyi planlaşdırırıq. Bu işlərdən biri də Film Komissiyasının yaradılmasıdır.

Azərbaycan kinosunda təhsil, Mədəniyyət və Turizm nazirliyinin xətti ilə təhsil alan gənclər haqqında məlumat da mətbuat nümayəndələrinin diqqətinə çatdırıldı. Prodüserləri dəstəkləmək, gənclərə və yeni filmləri diqqət çəkən rejissorlara şərait və texniki xidmətlərin yerli şirkətlər tərəfindən həyata keçirilməsi mövzusunda fikirlərini bölüşən direktor texniki xidmət şirkətlərinin inkişafı və yaradıcı atmosferin gücləndirilməsi üçün birgə əməkdaşlığı əsas saydı. Vurğulandı ki, yaxın vaxtlarda komediya filmləri sahəsində İran və Türkiyə prodüserləri ilə iş birliyinin qurulması nəzərdə tutulur.

Daha sonra “Azərbaycanfilm” kinostudiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səmayə Əsgərova “Azərbaycan Film Komissiyası” layihəsi barədə ətraflı məlumatı diqqətə çatdırdı. Bildirildi ki, layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Prodüserlər Gildiyası tərəfindən hazırlanıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Hazırda layihə 12 fəsil 40 maddədən ibarət “Kinematoqrafiya haqqında yeni qanun”da öz əksini tapıb. Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. “Film Komissiyası”nın qısa zamanda ölkədə turizmin və kinoindustriyanın yeni istiqamətdə inkişafına zəmin yaradacağına inanırıq. Bütün dünyada olduğu kimi, “Azərbaycan Film Komissiyası” layihəsinin də əsas məqsədi əcnəbi çəkilişləri ölkəyə cəlb etməklə yerli biznesə dəstək olmaqdan ibarətdir. Bu siyahıya təkcə bədii və sənədli filmlərin istehsalı deyil, həmçinin televiziya filmlərinin və seriallarının, musiqi kliplərinin və reklamların çəkilişləri aiddir.

Film komissiyaları, əsas etibarilə, dövlət himayəsi altında, xüsusən mədəniyyət, turizm və iqtisadi inkişaf dövlət orqanları dəstəyi ilə fəaliyyət göstərir. Azərbaycanda da bu modeldən istifadə olunacaq. Kinokomissiya publik hüquqi şəxs olacaq.

Komissiyanın qarşısında duran əsas vəzifələrindən biri AFCI (Film Komissiyaların Beynəlxaq Birliyi)nə üzv olmaqdır. Bu beynəlxalq birlik özündə rəsmi olaraq 300-dən artıq komissiyanı əhatə edir, və bu komissiyaların daxili təşkilati məsələlərinin, müxtəlif yerli dövlət orqanları ilə iş xüsusiyyətlərinin, fəaliyyətinin iqtisadi tərəflərinin tədrisini həyata keçirir. Azərbaycan ərazisində film komissiyalarının yaradılması və fəaliyyətə başlaması eyni zamanda bir neçə sahədə, xüsusən də mədəniyyət, turizm, iqtisadi inkişaf sahələrində inkişafa zəmin yaradacaq. Xüsusilə, ölkə ərazisinə xarici film çəkilişlərinin cəlb edilməsi ölkənin mənzərələrinin, mədəni irsinin, görməli yerlərinin və atributlarının bütün dünyada böyük ekranlarda nümayiş olunması, bir sözlə ölkənin təbliğidir.

Təklif etdiyimiz “Kinematoqrafiya haqqında yeni qanun”un qəbul olunduğu halda, yəni komissiyanın qanunvericilik modeli təsdiqləndiyi halda, Azərbaycanın xarici kinoindustriyanın çəkiliş meydançasına çevrilməsi realdır.”

Sonda jurnalistlərin suallarını cavablandıran Müşfiq Hətəmov əlavə etdi ki, “Bizim kino günləri 2017” tamaşaçıların görüşünə maraqlı filmlərlə gəlib. Layihə çərçivəsində “Yarımçıq xatirələr” (02-08 fevral), “Qatil” (09-15 fevral), “İçəri Şəhər” (16-22 fevral), “Axınla aşağı” (23 fevral-01 mart), “Xeyirlə Şərin rəqsi” (02-08 mart), “Dərs” (09-15mart), “Qırmızı bağ” (16-22 mart), “Yaddaş” (“Bakıfilm” studiyası, 23-29 mart) filmləri nümayiş olunacaq.

İnformasiya dəstəyi: ASAN Radio, Xəzər TV, Mədəniyyət.AZ jurnalı, medeniyyet.info, "Mədəniyyət" qəzeti