az en ru
  Xəbərlər
İçəri Şəhər filmi Kozhikode Film Festivalında


02 fevral 2017-ci il

“İçəri Şəhər” bədii filmi Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb. 10-16 fevral tarixlərində Kerala ştatının Kozhikode şəhərində keçiriləcək festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina ölkələrinin istehsalı olan  filmlər nümayiş etdiriləcək.

Qeyd edək ki, “İçəri Şəhər” filmi hal-hazırda Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində nümayiş etdirilir.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Film həmçinin Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 21-ci Kerala, 15-ci “Pune” və 7-ci “Yaşvant” Beynəlxalq Film Festivallarında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.