az en ru
  Xəbərlər
Sevimli rejissorumuz Rafiq Dadaşov dünyasını dəyişib


06 fevral 2017-ci il

Uzun müddət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışan sevimli rejissorumuz, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rafiq Dadaşov dünyasını dəyişib.

Rafiq Dadaşov 1946-cı ildə Bakıda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi qismində peşəkar fəaliyyətə başlayıb. 1969-1971-ci illərdə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali kinorejissor və ssenarist kurslarında təhsilini davam etdirib. O, 1995-ci ildən "Aztelefilm" birliyində də işləyib.

R.Dadaşov “Azərbaycanfilm” kinostudiyasında uzun əmək yolu keçib. O, qısa bir zamanda “Yenilməz batalyon”, “Sən nə üçün susursan?”, “Torpaq. Dəniz. Od. Səma”, “Bir cənub şəhərində” kimi bədii filmlərdə rejissor köməkçisi, “Səmt küləyi”, “1001-ci qastrol”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış serenada”, “Yol əhvalatı”, “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi”, “Ötən ilin son gecəsi” və s. bədii filmlərdə ikinci rejissor qismində yüksək iş qabiliyyəti, özünə qarşı tələbkarlığı, peşəkarlığı ilə seçilib. Bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan bir çox filmlərin uğur qazanmasında Rafiq Dadaşovun xüsusi əməyi vardır. O, 2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik.

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!