az en ru
  Xəbərlər
Bizim Kino Günləri 2017 | Qatil

 

07 fevral 2017-ci il

9 fevral tarixindən, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə layihəsi olan “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində “Qatil” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.

Xalq yazıçısı Elçinin eyniadlı pyesinin motivləri lentə alınan Kamran Şahmərdanın “Qatil” filminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema”, “CinemaPlus” kinoteatrlar şəbəkəsində və Şüvəlan Mədəniyyət Evində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Qeyd edək ki, “Qatil” filmi Bakıda keçirilən 6-cı Avropa Film Festivalı, Finlandiyanın “Qara və Ağ” Teatr Festivalı və Gürcüstanın 17-ci Tbilisi Beynəlxalq Film Festivalında iştirak edib.

Filmin ssenari müəllifi Xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev, Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur.

Psixoloji dram janrında çəkilən ekran əsərində baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar. Filmi Elxan Cəfərov və Mehriban Zəki səsləndirirlər.

Seanslar haqqında əlavə məlumat üçün:

Nizami Kino Mərkəzi: nizamicinema.az; 012 493 28 18

“Park Cinema” kinoteatrlar şəbəkəsi: parkcinema.az; 012 598 74 14; 119

“CinemaPlus” kinoteatralr şəbəkəsi: cinemaplus.az; 012 499 89 88; 119

Şüvəlan Mədəniyyət Evi: 012 459 02 15; 012 459 58 30

İnformasiya dəstəyi: ASAN Radio, Xəzər TV, “Mədəniyyət.AZ” jurnalı, medeniyyet.info, “Mədəniyyət” qəzeti