az en ru
  Xəbərlər
“İçəri Şəhər” Hindistanın iki şəhərində nümayiş etdirildi

 

10 fevral 2017-ci il

“İçəri Şəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Film 2-9 fevral tarixlərində keçirilən festivalın “Dünya kinosu” proqramında iştirak edib. Filmin nümayişləri 3-6 fevral tarixlərində Benqaluru və Maysur şəhərlərində keçirilib.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Ekran əsəri həmçinin Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb. Xatırladaq ki, film daha öncə Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 21-ci Kerala, 15-ci “Pune” və 7-ci “Yaşvant” Beynəlxalq Film Festivallarında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.