az en ru
  Xəbərlər
“Dərs” filminin məktəblilər üçün nümayişi

 

10 fevral 2017-ci il

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi gənc tamaşaçılarda milli filmlərə marağın artırılması məqsədilə təşkil olunan “Milli kino – sərvətimizdir” layihəsi çərçivəsində nümayiş etdirildi. “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə 400-ə yaxın məktəbliyə həmçinin “Sehirli xalat”, “Bir qalanın sirri”, “Şərikli çörək”, “Ögey ana” bədii filmləri təqdim edildi.

Qeyd edək ki, “Dərs” filmi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində 9 mart tarixindən etibarən Nizami Kino Mərkəzi, Park Cinema və CinemaPlus kinoteatrlar şəbəkəsində nümayiş etdiriləcək.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb. “Dərs” filmi həmçinin Hindistanın 5-ci Delhi və Banqladeşin 15-ci Dəkkə Beynəlxalq Film Festivallarında nümayiş olunub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə  baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.