az en ru
  Xəbərlər
“Bizim Kino Günləri” layihəsi “İçəri Şəhər” filmi ilə kinoteatrlarda

 

14 fevral 2017-ci il

16 fevral tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində “İçəri Şəhər” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.

Filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Ekran əsəri hal-hazırda Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalında nümayiş olunur. Xatırladaq ki, film daha öncə Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 21-ci Kerala, 15-ci “Pune”, 7-ci “Yaşvant” və 9-cu Benqaluru Beynəlxalq Film Festivallarında iştirak edib. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Seanslar haqqında əlavə məlumat üçün:

Nizami Kino Mərkəzi: nizamicinema.az; 012 493 28 18

“Park Cinema” kinoteatrlar şəbəkəsi: parkcinema.az; 012 598 74 14; 119

“CinemaPlus” kinoteatralr şəbəkəsi: cinemaplus.az; 012 499 89 88; 119

İnformasiya dəstəyi: ASAN Radio, Xəzər TV, “Mədəniyyət.AZ” jurnalı, medeniyyet.info, “Mədəniyyət” qəzeti