az en ru
  Xəbərlər
İçəri Şəhər filminin Xocalı faciəsinin anım günündə nümayişi


24 fevral 2017-ci il

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq “İçəri Şəhər” bədii filmi 26 fevral tarixində saat 11:20-də Park Cinema “Flame Towers” kinoteatrında nümayiş etdiriləcək.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Ekran əsəri bu yaxınlarda Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalında iştirak edib. Xatırladaq ki, film Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 21-ci Kerala, 15-ci “Pune”, 9-cu “Benqaluru” və 7-ci “Yaşvant” Beynəlxalq Film Festivallarında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.