az en ru
  Xəbərlər
“Qırmızı bağ” filminin beynəlxalq uğuru

 

2 mart 2017-ci il

Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filmi Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına  nominant elan olunub. “Nika” Rusiya Kinematoqrafiya Sənəti Akademiyası tərəfindən təsis edilən mötəbər milli kinematoqrafiya mükafatıdır.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Qeyd edək ki, “Qırmızı bağ” bədii filmi Avstriyanın LET’S CEE Beynəlxalq Film Festivalının “İddialı debüt” müsabiqə proqramına dəvət alıb. Film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın  65-ci Mannheim-Heidelberg, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü”, Banqladeşin 15-ci Dəkkə və Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivallarında iştirak edib. Azərbaycan, Bakıda keçirilən 7-ci Avropa Film Festivalında “Qırmızı bağ” filmi ilə təmsil olunub.

Ekran əsərinin ssneari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.