az en ru
  Xəbərlər
Əlibala Məmmədovun 60 illik yubileyi

Ömrünün 40 ili Azərbaycan kinosuna xidmətdə keçən Azərbaycan kino sənətinin tanınmış nümayəndəsi, pirotexnika üzrə mütəxəssis Əlibala Məmmədovun 60 yaşı tamam olur.

Əlibala Məmmədovun hələ hərbi xidmət keçdiyi illərdə yiyələndiyi kəşfiyyatçı-pirotexnik ixtisası ilə 1977-ci ildə “Azərbaycanfilm” kinostudiyasında işə başladığı gündən bu günə kimi işlədiyi bütün filmlər saymaqla bitməz: “Şir evdən getdi”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Babək”, “Babamızın babasının babası”, “Mən sizi dünyalar qədər sevirdim”, “Laçın dəhlizi”, “Ağ atlı oğlan”, “Fəryad”, “Biz qayıdacağıq”, “Dərvişin qeydləri”, “Dolu”, “Yarımçıq xatirələr” və onlarla  başqa filmlərdə Əlibala Məmmədov özünü yüksək səviyyəli bir mütəxəssis kimi göstərib. O, xüsusən də müharibə mövzusunda olan bütün filmlərdə partlayış, atışma, tüstü, alov effektlərini ustalıqla yaratmaqla ekrandan tamaşaçıya əsl müharibə abu-havasını göstərməyi bacarıb.

Əlibala Məmmədovun 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu nəzdində ixtisasartırma kurslarında aldığı təhsil onu daim öz üzərində yorulmadan çalışan, biliyini təkmilləşdirən bir insan kimi xarakterizə edir.

O, peşəkar bir mütəxəssis kimi xarici ölkə kinematoqrafçılarından da dəvət alır, onlarla uğurlu iş birliyi qurur. Onun Türkiyə kinematoqraçıları ilə, “Mosfilm” kinostudiyasının “Dronqo” bədii filmi, Rusiyanın NTV kanalının “Jurnalist” bədii televiziya filmi və digər işləri bunlara bariz nümunədir.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının kollektivi adından Əlibala müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, mədəniyyətimizin və onun ayrılmaz qolu olan kinomuzun inkişafı naminə gördüyü bütün işlərdə uğurlar diləyirik!