az en ru
  Xəbərlər
Bizim Kino Günləri layihəsi Dərs filmi ilə kinoteatrlarda


7 mart 2017-ci il

9 mart tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.

Filmin nümayişi 9 mart tarixindən etibarən Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb. “Dərs” filmi həmçinin Hindistanın 5-ci Delhi və Banqladeşin 15-ci Dəkkə Beynəlxalq Film Festivallarında nümayiş olunub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə  baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.