az en ru
  Xəbərlər
Aydın Dadaşov dünyasını dəyişib

15 mart 2017

Bu gün tanınmış kinoşünas, ssenarist, rejissor, Əməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı Aydın Dadaşov dünyasını dəyişib. Mərhumla vidalaşma mərasimi saat 12:00-da İnşaatçılar pr. 80-96 ünvanında baş tutacaq.

Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Òåàtr, Ìusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb.  1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib.

Aydın müəllim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kinoşünaslıq» fakültəsinə rəhbərlik etdiyi dövrdə həm kollektivin, həm də tələbələrinin rəğbətini və sevgisini qazanıb. Onun yazdığı “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Ekran publisistikası”, “Televiziya reklamı”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “Müasir Azərbaycan dramaturgiyası” dərslikləri, “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası tədris prosesində geniş istifadə olunur. 

Ömrünün 42 ilini Azərbaycan kinosuna həsr edən Aydın müəllimin bu gün sevə-sevə izlədiyimiz onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik.

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!