az en ru
  Xəbərlər
“Bizim Kino Günləri” layihəsi “Qırmızı bağ” filmi ilə kinoteatrlarda

15 mart 2017

16 mart tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Mirbala SəlimlininQırmızı bağ” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.

Filmin nümayişi 16 mart tarixindən etibarən Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Qeyd edək ki, “Qırmızı bağ” bədii filmi həmçinin Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına  nominant elan olunub. Ekran əsəri Avstriyanın LET’S CEE Beynəlxalq Film Festivalının “İddialı debüt” müsabiqə proqramına dəvət alıb. Film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberg, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü” və Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivallarında iştirak edib. Azərbaycan, Bakıda keçirilən 7-ci Avropa Film Festivalında “Qırmızı bağ” filmi ilə təmsil olunub.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.