az en ru
  Xəbərlər
İsmayıl Dadaşovun 60 illik yubileyi

05 aprel 2017

Ömrünün 30 ildən çoxu Azərbaycan kinosuna xidmətdə keçən İsmayıl Dadaşovu anadan olmağının 60 illiyi münasibəti ilə ürəkdən təbrik edirik.

İ.Dadaşov 23 mart 1957-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. İsmayıl müəllim 1984-cü ildə “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başladığı ilk gündən işinə olan məhəbbəti, qərəzsiz, vicdanlı, yaradıcı münasibəti ilə, həmçinin hamıyla ünsiyyət yarada bilən insan kimi kollektivin böyük hörmət və məhəbbətini qazanıb.

O, yüzlərlə bədii, sənədli, cizgi filmlərinin musiqi tərtibatçısı, “Bəxt üzüyü”, “Ağ atlı oğlan”, “Yuxu” və tamaşaçılar tərəfindən sevilən bir sıra bədii filmlərin musiqi redaktorudur. Onilliklər boyu çəkilən Azərbaycan filmlərinin musiqisinin arxivdə qorunub saxlanmasında, fonotekadakı bütün lent yazılarının yeni texnoloji avadanlıqlara köçürülməsində onun xidmətləri əvəzsizdir.

Bununla yanaşı, İsmayıl Dadaşov həm də nəğməkar şairdir. Şeirlərini, onlara yazılmış 500-dən artıq bir-birindən gözəl mahnıları sevməmək mümkün deyil. Çünki onların hamısının mayası məhəbbətdir: tanrıya, vətənə, insana olan məhəbbət.

Onun keçdiyi bu məhsuldar yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilib və 2011-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Hörmətli İsmayıl müəllimi bir daha 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, bütün işlərində uğurlar diləyirik!