az en ru
  Xəbərlər
Azərbaycanlı gənclər Rusiyada ali kino təhsili almağa göndəriləcək

25 aprel 2017

Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.

Bu barədə bu gün Nizami Kino Mərkəzində keçirilmiş mətbuat konfransında iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. Mətbuat konfransının məqsədi KİV vasitəsilə ictimaiyyəti, o cümlədən kino sahəsi üzrə xaricdə təhsil almaq arzusunda olan gəncləri məlumatlandırmaqdır.

Daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Namizədlər üçün məsləhət saatları təyin olunacaq.

Abituriyentlərin lazım olan sənədləri rus dilində 15 iyunadək “Azərbaycanfilm” kinostudiyasına təqdim etmələri tələb olunur. Hər bir ixtisas üzrə lazım olan sənədlərin siyahısı ilə www.vgik.info internet səhifəsində tanış olmaq olar.

Ətraflı məlumat üçün əlaqə məlumatları:

AR Kinematoqrafçılar İttifaqı - 012 5974804; 051 4274103

www.arki.az; email: arki.2012@mail.ru

“Azərbaycanfilm” kinostudiyası – 1 Moskva pr. AZ1012; Tel: 012 5301341

www.azerbaijanfilm.az , email: info@azerbaijanfilm.az, azerfilm@mail.ru,