az en ru
  Xəbərlər
"Dərs" Rusiyada diplom ilə təltif olundu

26 aprel 2017

“Dərs” bədii filmi Rusiyanın 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq Film Festivalının əsas proqramında nümayiş olundu. Samarada keçirilən festivalda filmin quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül “Yeniyətmə münasibətləri problemlərinin ekranda ən yaxşı bədii canlandırılması”na görə diplom ilə təltif olundular.

“Dərs” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb. “Dərs” filmi həmçinin, 5-ci Delhi və 15-ci Dəkkə beynəlxalq film festivallarında nümayiş olunub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.