az en ru
  Xəbərlər
Elxan Cəfərovun 50 illik yubileyi

05 may 2017

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin görkəmli nümayəndəsi, bütün varlığı ilə  kinoya bağlı istedadlı rejissor və aktyor, Əməkdar İncəsənət xadimi Elxan Cəfərovun anadan olmağınızın 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi.

Elxan Cəfərov hələ uşaq yaşlarından həyatını kino aləminə bağlamış, “Şir evdən getdi”, “Mən mahnı qoşuram”, “Arvadım mənim, uşaqlarım mənim”, “Sevinc buxtası”, A.Dovjenko adına kinostudiyanın istehsalı olan “Hazır ol, əlahəzrət” və s. filmlərində yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanmışdır.

E.Cəfərov həm də özünəməxsus dəsti-xətti, yaradıcılıq üslubu ilə seçilən kinorejissordur. Qarabağ müharibəsinin qanlı-qadalı günlərindən, vətən uğrunda son damla qanına qədər döyüşən  Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edən “Qarabağdır Azərbaycan” sənədli filmi, “Dolu”, “Yarımçıq xatirələr” kimi bədii filmləri bir daha göstərir ki, o, əsl sənətkardır. Sevə-sevə baxılan, böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmış bu filmlərdən birinin – “Dolu” filminin 2015-ci ildə “Ən yaxşı rejissor işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülməsi buna bariz nümunədir.

Elxan müəllimin kinomuzun inkişafındakı xidmətləri həmişə yüksək qiymətləndirilib və 2016-cı ildə o, “Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görülüb.

Hörmətli Elxan müəllimii bir daha 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!