az en ru
  Xəbərlər
“İçəri Şəhər”in növbəti beynəlxalq uğuru

26 may 2017

İlqar Safatın “İçəri Şəhər” bədii filmi Madrid Beynəlxalq Film Festivalına dəvət alıb. Film “Xarici dildə film” kateqoriyasında “Ən yaxşı ssenari” (müəlliflər: Təhminə Rafaella, İlqar Safat), «Ən yaxşı operator işi» (Luca Coassin), «Ən yaxşı ikinci plan qadın rolu» (Mehriban Zəki) mükafatlarına nominant elan olunub. Festival 8-15 iyul tarixlərində baş tutacaq.

İçəri Şəhər” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2016-cı ildə lentə alınıb.

Ekran əsəri ABŞ-ın WorldFest Houston və Cənub-Şərqi Avropa (SEEfest), Misirin 38-ci Qahirə, Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 8 beynəlxalq film festivalında nümayiş olunub. Hal-hazırda “İçəri Şəhər” Türkiyənin Alanya Beynəlxalq Film Festivalında iştirak edir. Film ABŞ-da “Qızıl Remi”, Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.