az en ru
  Xəbərlər
Rafiq Nəsirovun 70 illik yubileyi

27 may 2017

Bu gün Azərbaycanın Xalq rəssamı, tanınmış quruluşçu rəssam Rafiq Nəsirovun 70 yaşı tamam olur.

Rafiq Nəsirov mayın 27-i 1947-ci ildə Sabirabadda anadan olub. 1969-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirdikdən sonra o, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında peşəkar fəaliyyətə başlayıb.

Rəssamı olduğu «Bəyin oğurlanması», «Bəxt üzüyü», «Otel otağı», «Yaramaz», «Həm ziyarət, həm ticarət…», «Ovsunçu», «Çölçü», «Dolu», «Yarımçıq xatirələr» kimi Azərbaycan kino tarixində əvəzsiz izi olan, tamaşaçılarım rəğbətini qazanmış filmlərin müvəfəqiyyətlə ərsəyə gəlməsində Rafiq Nəsirovun əməyi danılmazdır. Rafiq müəllimin yaradıcılığı Dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1999-cu ildə Əməkdar rəssam, 2007-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adları ilə təltif olunub.

“Azərbaycanfilm” kinostudiyasının kollektivi Rafiq müəllimi bir daha yubiley münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılığında uğurlar diləyir!