az en ru
  Xəbərlər
Yusif Vəliyevin xatirəsi yad edildi

02 iyun 2017

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Yusif Vəliyevin məzarını ziyarət edib, sənətkarın xatirəsini yad edib.

Qeyd edək ki, bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Yusif Abdulla oğlu Vəliyev 1917-ci ildə Dərbənddə anadan olub. 1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələr, sözsüz rollar ifa edən aktyor, eyni zamanda Yəhudi Dövlət Dram Teatrında da işləyib. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib. 1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub.

Yusif Vəliyev “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Sən nə üçün yaşayırsan?” (Balıqçı), “Nəsimi” (Teymurləng), “Qatır Məmməd” (Halvaçı), “Tütək səsi” (Qurban), “Arxadan vurulan zərbə” (Qurd Cəbrayıl), “Uşaqlığın son gecəsi” (İş icraçısı), “Bir cənub şəhərində” (Səfərəli) və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Sənətkar 1960-cı ildə əməkdar artist, 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub. Görkəmli aktyor 1980-ci il mart ayının 18-də vəfat edib.