az en ru
  Xəbərlər
CULT CRITIC FILM MAGAZINE - ÇÖLÇÜ

 

Şamil Əliyevin “Çölçü” filmi

E. J. Wickes’in resenziyası

“Ayın filmi” seçimimiz Şamil Əliyevin “Çölçü” filmidir. Bu, adsız insan haqqında hekayədir; o, Rusiya və Şimali İran arasında ot basmış çöllərdə, sivilizasiyadan uzaq yaşayır. Həddən artıq təvəzökar və ustalıqla işlənmiş filmin ssenari müəllifi Vidadi Həsənovdur. Baş rolları Bəhruz Vaqifoğlu və Salome Demuriya canlandırırlar. 86-cı Amerika Kinoakademiyası filmi “Xarici dildə ən yaxşı film” nominasiyasında uzun siyahıda (long-list) qeyd etmişdir.

Film qatarın uzaqda yerləşən çölə yaxınlaşması ilə başlayır. Kamera öncə tamaşaçını intəhasız, ucsuz-bucaqsız, lakin sakit və kədər dolu çölə aparır. Bir saat iyirmi dəqiqəlik filmin süjet xətti balaca çölçünün yağışlı gecəyarısı atasını dərin yuxudan oyatmağı ilə inkişaf edir. Ata və balaca oğlan qamış örtüklü və suvaq çəkilmiş komada yaşayır və həmin gecə oğlanın sevimli dəvəsi doğur.

Həqiqi ferma olmasa da, dekor dizaynının inandırıcılığı yüksək ustalıqla tərtib olunub. Bu kiçik ailədə qadın yoxdur. Lakin əvvəllər burada qadının olması ilə bağlı kadr göstərilir. Bu epizodda təsvir olunan qadın balaca çölçünün anası ola bilər, lakin o, artıq onlarla yaşamır.

Çöldəki həyat sadədir, və buna görə də daha çox təxəyyül tələb edir. Kənd həyatını obrazlaşdıran, hekayəni nəql edən ata balaca oğlana sanki gələcəkdən xəbər verərək, onun sonradan “Şanapipik” adlı qızla tanış olacağından danışır.

Balaca çölçünün atası öz “mülk”lərində dəvələrə nəzarət etməklə pul qazanır. Uzun illərdir ki, rahat yaşamdan, sivil həyatdan uzaqlaşmasına baxmayaraq, atanın güclü nizam-intizamı şərtləndirən tələbləri var; oğlunu çöl həyatının adət və ənənələrini öyrədərək böyüdür. Onların gündəlik təkrarlanan, yeknəsəq həyat tərzini göstərdikdən sonra, rejissor virtuoz keçid edir; gəncləşən, böyüyən çölçü əsl çoban obrazında yenidən kadrda peyda olur.

Onlar ata rəhmətə gedənə qədər birlikdə yaşayırlar. Sonra atasının peşəsini oğul davam etdirir. Onların şəhərdən kənarda olan tanışları çox azdır və bir-birindən çox uzaqdadır. Bizim adsız çölçümüz yaşa dolduqca atasının yerini tutur və sürüyə nəzarət edən yetkin çobana çevrilir. Bir gün gənc, dəvələri otlaqdan gətirəndə atasının həmişə oturduğu yerdə sakitcə rəhmətə getdiyini görür. Bu, gözlənilən idi, çünki atasının səhhəti getdikcə pisləşməkdə idi. Bundan sonra yalnız qalan protaqonist “yeni əcaib həyat”la üzləşməlidir.

Atasının ölümündən sonra Çölçü şəhərə üz tutur. Tək bir dəvə və dəvənin daşıya biləcəyi ilə sivilizasiyaya doğru gedir. Paralel olaraq yol işləri üçün material daşıyan yük avtomobilinin göstərilməsi yaxşı düşünülmüş mənzərədir. Çölçü, sözün həqiqi mənasında, sənaye cəmiyyətindən kənarda qalmış bir insandır, hətta öz dövrünün texnoloji tələblərindən belə.

Çölçünün getdiyi yerdə yaşayanlar onu aşağı təbəqənin insanları sayırlar, o cəmiyyətin digər hissəsinin sahibləndiyi “maddi-mənəvi” nüfüza malik deyildir. Bir növ, Qərb standartlarındakı “avam”lar kimidirlər. Amma yenə də şəhər ənənələrindən çox da kənar deyildirlər. Bütövlükdə onlardan biri kimi görünmək üçün fərqli bacarıqlar tələb olunsa da, çölçü burada eyni dünyanın insanı kimi göstərilir.

Çölçünün taleyində çılğın qadınla rastlaşmaq imkanı yaranır. O, ayrılıqdan doğan depressiyasını yaşayır, qarşı tərəflə münasibəti tamam kəsir. Məhz Çölçünün yolunda Qadın hiddətlənir, axmaq və ədəbsiz sevgilisindən uzaqlaşmağa çalışır. Həmin ədəbsiz gənclə Qadın arasındakı mübahisə - meydana çıxacaq  gələcək toqquşmadan xəbər verir.

Heç də uyğun olmayan bir vaxtda Qadın Çölçünün evinə gəlir. Çölçü onu komanın arxasındakı ot arabasında yatmış tapır. Çaşqın halda gündəlik məşğuliyyətinə davam edərək dəvələri otarmağa gedir. Qayıdarkən Qadının qabları yuduğunu, komanı yığışdırdığını gördükdə daha da təəccüblənir. Qadının əlacsız vəziyyətdə onun evinə sığınmaq cürətinə möhkəm əsəbiləşir.

Cüzi dialoqlar obrazlar arasındakı gərginliyi büruzə verir. Onlar demək olar ki, ibtidai anlamda, çöldə heyvanlar kimi yaşayırlar. Bir vaxtadək çox az ünsiyyətdə olurlar. Yalnız əvvəldə çölçünün atası tərəfindən danışılan nağılın yaranmasını müəyyənləşdirən qısa və iztirablı hekayələr, sözlərlə ifadə ediləcək dərəcədə əhəmiyyətli, mən deyərdim ki, əsas fikrin daşıyıcısı olur. Bu qeyri-adi formula deyil: şəhərli qız və kəndli oğlan arasında sevgi hekayəsi. Buna baxmayaraq bu sevgi hekayəsi çox qeyri-adi formada ifadə, düzü tərənnüm edilib.

Birlikdə yaşadıqlarından biri digərinin müqəddəratını təyin edir. Qadın Çölçünün timsalında təbiətlə harmoniyada yaşamağı öyrənən, maddi dəbdəbələrdən asılı olmayan, yalnız ehtiyacı olanlarla kifayətlənən bir insanı görür. O, sözlü adam deyil və müasirliyə qarşı onun sadəlik kimi bir gücü var.

O isə Qadının simasında özünü çoban həyatına bağlayan birisini görməyə başlayır. Qadın ərköyün deyil və oğlanın qıza qarşı şəfqəti artdığından aralarında yaranan münasibəti sonadək qorumaq üçün əlindən gələni edir.

Film əsas etibarilə dramatik dizayna çox da ehtiyac olmayan kənd ərazilərində çəkilib. Kənd ərazisi özlüyündə möhtəşəmdir, quruluşçu operator onun zərif gözəlliyini ustalıqla və lüzumsuz iddia olmadan ekrana gətirir. Uzaqda dəvələrin otarılması görüntüləri ecazkardır. Ritm yavaşdır, lakin məkanın böyük otlaqlarını əhatə edən sükutda zehin gözünün yol çəkməsinə imkan verəcək qədər yavaş.

Düşünürəm ki, əgər Qadın sürünü evə gətirmək üçün vaxtında oyanarsa, bu “müdaxilə”nin öhdəsindən necə gələcəyindən narahat olmaya bilərik. Aktyorların ifası öz hədəfinə çatıb. Filmdə şəxsi istək və ya hisslərin inciməsini kölgədə qoyan, anlayış, ehtiraslı gərginlik, fədakarlıq hiss etdim.

Filmin belə yaxşı qəbul olunması təəccüblü deyil. Mükəmməl rejissura, işıqlandırma, operator işi və ciddi montaj ilə birlikdə ərsəyə gələn cəlbedici ekran dramıdır.

E.J.Wickes: Cult Critic Fim jurnalının vizual rəssamı və baş redaktoru, həmçinin The Metamodern jurnalının müəllifi və naşiridir. Onun estetikası incəsənət və kinematoqrafiyanın qovşağında yer alıb. Eric Hollivud, TV və müstəqil kino şirkətlərinin İncəsənət şöbələrində çalışır, HLC kinostudiyasında kreativ direktor vəzifəsində şirkətin media və nəşriyyat bölməsinə nəzarət edir.