az en ru
  Xəbərlər
Rauf Əliyev dünyasını dəyişib

14 iyun 2017

Tanınmış bəstəkar, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının musiqi redaktoru Rauf Əliyev dünyasını dəyişib. Mərhumla vidalaşma mərasimi saat 12:00-da Təzə Pir məscidində baş tutacaq. Rauf Əliyev bu gün Bakıda dəfn olunacaq.


Rauf Tofiq oğlu Əliyev mayın 1-i 1947-ci ildə Şuşada anadan olub. R.Əliyev 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunu bitirib və həmin il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1973-1975-ci illərdə Dövlət Televiziya və Radio verilişləri komitəsində (ind. AzTV) musiqi redaktoru vəzifəsində fəaliyyət göstərib. 1975-ci ildə Konservatoriyanı bəstəkarlıq ixtisası üzrə müvəfəqiyyətlə bitirən Rauf müəllim elə həmin ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru kimi fəaliyyətə başlayıb.
Rauf Əliyev 90-a yaxın - "Azadlığa gedən yollar", "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" və digər Azərbaycan filmlərinə musiqi bəstələyib. Ömrünü Azərbaycan mədəniyyətinə həsr edən Rauf müəllimin tamaşaçıların rəğbətini qazanmış onlarla filmin müvəfəqiyyətlə ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!