az en ru
  Xəbərlər
"Hədiyyə" İtaliyanın film festivalına dəvət alıb

30 iyun 2017

Gənc rejissor Emin Əfəndiyevin “Hədiyyə” bədii filminin beynəlxalq təqdimatı İtaliyada baş tutacaq. Film “Corti a Sud – Polla in Corto” beynəlxalq qısametrajlı filmlər festivalına dəvət alıb. “Hədiyyə” filmi festivalın əsas proqramında yer alıb. Festival 3-4 iyul tarixlərində Salerno şəhərində keçiriləcək.

“Hədiyyə” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Melodrama janrında çəkilən “Hədiyyə” filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlı canlandırırlar.