az en ru
  Xəbərlər
“Üçüncü günün adamı” filminin təqdimatı

3 iyul 2017

Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçirildi.

Qarabağ mövzusunda olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.

Filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.

Tədbirdə çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirdi ki, son illər filmlərimiz nüfuzlu beynəlxalq film festivallarında nümayiş olunaraq böyük uğur qazanıb. Müşfiq Hətəmov “Üçüncü günün adamı” filminin də böyük uğur qazanacağına və Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasına böyük təkan verəcəyinə inamını ifadə edib.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Quruluşçu operator Rafiq Quliyev çəkiliş prosesindən söz açdı. Yeni filmdə çalışdığı yaradıcı heyəti təbrik etdi. Bildirdi ki, vətənpərvərlik mövzusunda lentə alınan filmlərə bu gün ehtiyac var. Bu gün Qarabağ mövzusunda daha bir film həyata vəsiqə alır və inanırıq ki, yaradıcı heyətin əməyi tamaşaçılar tərəfindən qəbul ediləcək. Aktyorlar yeni ekran əsəri ilə bağlı fikirlərini bölüşərək “Üçüncü günün adamı” filmini müharibə mövzusuna yeni rejissor baxışı kimi dəyərləndirdilər.