az en ru
  Xəbərlər
Ukraynada "Azərbaycanfilm"in iştirakı ilə keçirildi

İyul 21 2017

  

Iyulun 19-u Ukraynada Odessa Beynəlxalq Film Festivalının kino mütəxəssisləri üçün təşkil olunan İndustriya Günlərində Şərqi Avropa Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanın iştirakı ilə panel müzakirələri keçirilib. Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi, Cottbus Beynəlxalq Film Festivalının təşkilatçılığı ilə keçirilən görüşdə Şərqi Tərəfdaşlıq ölkələri olan Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarusiyanın beynəlxalq kino fəaliyyəti ilə məşğul olan nümayəndələri iştirak edib.

Alman təşkilatçılar Azərbaycanı təmsil etmək məqsədilə “Azərbaycanfilm” kinostudiyasının Beynəlxalq əlaqələr üzrə şöbə rəisi Səmayə Əsgərovanı dəvət ediblər. Panel müzakirələrində, həmçinin Tbilisi Beynəlxalq Film Festivalının proqram koordinatoru Ana Çkonia, Odessa Beynəlxalq Film Festivalının baş prodüseri Yuliya Sinkeviç, “Chronograph” Beynəlxalq Sənədli Filmlər Festivalının direktoru Virgiliu Margineanu, “Listapad” Minsk Beynəlxalq Film Festivalının proqram direktoru İqor Sukmanov iştirak ediblər. Müzakirələrin moderatoru Cottbus film festivalının proqram direktoru Bernd Buder olub.

Səmayə Əsgərova beynəlxalq film festivallarının mədəniyyətlərarası dialoqun formalaşmasındakı rolu və Azərbaycanın bu prosesdə iştirakından bəhs edib. Moderator B.Buder iştirakçılara bildirib ki, son illər Azərbaycan istehsalı olan filmlər beynəlxalq film festivallarında fəal iştirak edirlər. S.Əsgərova Azərbaycan kino istehsalının müasir durumu, dövlət proqramı və dəstəyi, inkişaf strategiyası, gələcək planları, həmçinin ölkədə sürətlə inkişaf edən kinoteatr və yerli kino bazarı haqqında iştirakçılara geniş məlumat verib.