az en ru
  Xəbərlər
Azərbaycan Film Komissiyası konsepsiyası

27 iyul 2017

İyulun 26-da Nizami Kino Mərkəzində Azərbaycan Film Komissiyası modelinin tətbiqi ilə bağlı tədbir keçirilib və layihə ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Film Komissiyası modeli barədə məlumat verilərək deyilib ki, film sahəsinin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Film Komissiyası xarici çəkilişlərin Azərbaycana cəlb edilməsi, investisiyaların ölkəyə daxil olmasının asanlaşdırılması, xarici kinematoqrafçılarla yerli film ictimaiyyəti arasında təcrübə mübadiləsinin həvəsləndirilməsi və regional turizmin inkişafına dəstək göstərilməsi baxımından nadir imkan kimi görünür. Qeyd olunub ki, Film Komissiyası layihəsi üçün bütün bunlar nəzərdən keçiriləcək və Azərbaycanda tətbiq edilmək üçün ən münasib film komissiyası modeli hazırlanacaq.

Təqdimatdan öncə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyası İctimai birliyinin sədri Müşfiq Hətəmov Film Komissiyası modelinin tətbiqinin müsbət tərəflərindən və məqsədindən danışıb:

"Komissiyanın yaranmasında əsas məqsədlərindən biri yerlərdə yaradıcılıq və kino sənayesinin mobil şəkildə fəaliyyət göstərməsinə zəmin yaratmaqdır. Biz artıq bir neçə il əvvəl bu layihəni hazırlayıb Milli Məclisə təqdim etmişik. Eyni zamanda əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan kinoindustriyasının dünya kinoindustrasiyasının tələblərinə cavab verməsidir”.

Fikrin Bəktaşi çıxış edərək bildirib ki, Avropa İttifaqının əksər üzv ölkələri Film Komissiyası yaratmaqla xarici kinematoqrafçıları öz ölkələrində film çəkməyə həvəsləndirməyə nail olublar. O, Avropa təcrübəsini əsas götürərək, ölkəmizdə də Film Komissiyası modelinin yaradılmasının Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi baxımından əvəzsiz rol oynayacağını deyib.

Daha sonra Film Komissiyası layihəsi və konsepsiyası barədə məlumat verilib. Təqdimat planında film komissiyasının statusu və vəzifələri, film komissiyaları üçün hüquqi əsaslar, film komissiyasının strukturu, prosedur qaydaları, mövcud maliyyə güzəştləri, komissiyanın faydası və Azərbaycan Film Komissiyası modeli ətrafında çıxış edilib.

Tədbirin sonunda media nümayəndələri və iştirakçıların təklif və təşəbbüsləri dinlənilib, suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Film Komissiyası ilə əlaqədar qısa analitik icmal gələcək illərdə fəaliyyət göstərəcək komissiyanın planlaşdırılması və yaradılması prosesi üçün mühüm töhfə olacaq. Prosesin əsas sənədləri Film Komissiyasının yaradılması üçün təklifləri əhatə edən qısa analitik icmaldan və Avropa İttifaqının seçilmiş üzv ölkələri ilə müqayisəli təhlildən ibarətdir. Analitik icmalın nəticələri oktyabr ayında keçiriləcək Azərbaycan Milli Mədəniyyət Forumuna təqdim ediləcək və müzakirə olunacaq.