az en ru
  Xəbərlər
"Nar bağı" beynəlxalq mükafatlara layiq görüldü

29 iyul 2017

İlqar Nəcəfin “Nar bağı” filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə “Ən yaxşı kişi rolu”, film “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb. “Nar bağı”, 22-28 iyul tarixlərində Astanada keçirilən festivalın əsas müsabiqə proqramında təqdim olunub.

Qeyd edək ki, filmin dünya premyerası Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. “Nar bağı”, həmçinin 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb. Film 2 avqust – Milli Kino Günündə Nizami Kino Mərkəzində nümayiş olunacaq.
“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.