az en ru
  Xəbərlər
Filmlərimiz Türkiyənin beynəlxalq film festivalında

22 avqust 2017

Rafiq Əliyev və Cavid Təvəkkülün «Dərs» və Mirbala Səlimlinin «Qırmızı bağ» tammetrajlı bədii filmləri Türkiyənin Trabzon Beynəlxalq Film Festivalına dəvət alıblar. Filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq. Festival 26 avqust tarixinədək davam edəcək.

Festivalda filmlərimizi «Dərs» filminin quruluşçu rejissoru Rafiq Əliyev, gənc aktrisa Ayna Zərbəliyeva, «Qırmızı bağ» filminin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, aktyorlar Maqsud Məmmədov və Taleh Bədiyev təqdim edəcəklər.

«Dərs» filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb, 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq Film Festivalının əsas proqramında nümayiş olunaraq, quruluşçu rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkül “Yeniyətmə münasibətləri problemlərinin ekranda ən yaxşı bədii canlandırılması”na görə diplom ilə təltif olunublar. “Dərs” filmi həmçinin, 5-ci Delhi və 15-ci Dəkkə beynəlxalq film festivallarında nümayiş olunub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.


Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberg, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü” və Bolqarıstanın 9-cu “Sofia MENAR, Avstriyanın LET’S CEE, Türkiyənin Alanya Beynəlxalq Film Festivallarında iştirak edib. Azərbaycan, Bakıda keçirilən 7-ci Avropa Film Festivalında “Qırmızı bağ” filmi ilə təmsil olunub. Film, həmçinin Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına  nominant elan olunub.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

Festivalda, həmçinin gənc rejissor Fehruz Şəmiyev «Yol» filmi ilə iştirak edəcək.