FİKRƏT ƏMİROV

(22.11.1922-20.02.1984) 

Fikrət Məşədi Cəmil oğlu Əmirov - görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti (1965), SSRİ Dövlət Mükafatı laureatı (1949, 1980). 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirmişdir. Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniylarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-59) vəzifələrində çalışıb.

Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. Onun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir. F. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuşdur.(əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur). O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaratmışdır. F. Əmirovun gözəl baletləri "Min bir gecə" və "Nəsimi" də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. Azərbaycan konsert janrının ilk nümunələrinin yaradıcısı.


Filmoqrafiya

80 kilometr yerin altı ilə (film, 2002) (qısametrajlı sənədli film) (ANS tv)
Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(musiqisindən istifadə edilib)
Abşeron lövhələri (film, 2004) (qısametrajlı sənədli film)(musiqisindən istifadə edilib)
Aktrisanın təbəssümü (film, 1974)
Arşın mal alan (film, 1965)
Azərbaycan elləri (film, 1976)
Bəxtiyar Vahabzadə (film, 2003)
Böyük dayaq (film, 1962)
Cümhuriyyətə doğru üç addım (film, 2008)
Fikrət Əmirov (film, 1985)
Firəngiz (film, 1975)
Gülüstan bayatı-şiraz (film, 1972)
Həqiqətin özü (film, 2008)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Hər şey olduğu kimi. Əminə Dilbazi (film, 2000)
Həsən Abdullayev xatirələrdə... (film, 2007)
Maestro Niyazi (film, 2007)
Mən ki gözəl deyildim (film, 1968)
Mətbuat fədaisi (film, 2007)
Mücadilə. Birinci hissə. İstiqlalın beşiyi (film, 2006)
Mücrü (film, 1973)
Muğamat var olan yerdə... (film, 2009)
Nəfəs alətləri (film, 2004)
Nəğməkar torpaq (film, 1981)
O olmasın, bu olsun (film, 1956)
Oktyabrın şəfəqləndirdiyi yol (film, 1977)
Ömrün səhifələri (film, 1974)
Prima (film, 1992)
Qəmbər Hüseynli (film, 2007)
Salam, Zeynəb! (film, 1982)
Səhər (film, 1960)
Sevil (film, 1970)
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
Şur (film, 1967)
Üfüqü ötənlər (film, 2011)
Üzeyir ömrü (film, 1981)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)