KAMİL RÜSTƏMBƏYOV

(1924-1991)

1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda K.Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır,  televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır.
1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun «Aygün» poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada «Zəncirlənmiş adam» bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir.
1966-cı ildə K.Rüstəmbəyov C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasına işə dəvət olunmuş, burada «Dağlarda döyüş», «Axırıncı aşırım», «Dərviş Parisi partladır» (Ş.Mahmudbəyovla birgə), «Gözlə məni» bədii filmlərinə, «Mahnı qanadlarında» film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. «Axırıncı aşırım» kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan A.İsgəndərov (Kərbəlayi İsmayıl) və H.Məmmədov (Abbasqulu bəy) ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər.


Filmoqrafiya:

Axırıncı aşırım (film, 1971)
Aygün (film, 1960)
Bakıya xoş gəlmisiniz (film, 1965)
Dağlarda döyüş (film, 1967)
Dərviş Parisi partladır (film, 1976)
Gözlə məni (film, 1980)
Xalq nəğməkarı (film, 1963)
Konsert (film, 1961)
Konsert proqramı (film, 1964)
Konsert proqramı (film, 1965)
Konsert proqramı (film, 1967)
Mahnı qanadlarında (film, 1973)
Respublikanın panoramı (film, 1962)
Sənə sevinc bağışlayım (film, 1978)
SSRİ Xalqlarının Spartakiadası (film, 1966)
Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962)
Zəncirlənmiş adam (film, 1964)