GÜLBƏNİZ ƏZİMZADƏ

26.04.1947- 07.12.2006

Gülbəniz Əzimzadə 1947-ci il aprel ayının 26-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra - 1963-1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində oxuyub. 1969-1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. Azərbaycanın kino tarixində ilk qadın kinorejissorlardan biri olan Gülbəniz Əzimzadənin 1974-1998-ci illərdə "Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rejissor işləyib. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülüb. Bunlar arasında "Molodost-80”, Kiyev şəhəri - priz və diplom, 1981 Yerevan şəhəri, lX Televiziya filmləri festivalı baş priz.  Anarın "Dantenin yubileyi” povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılıb və maraqla qarşılanıb. Onun "Təkcə adanı özünlə apara bilməzsən” adlı bədii filminin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir. Rejissora böyük uğur qazandıran bu film 1980-1981-ci illərdə fəxri mükafatlara layiq görülüb. Bunlardan başqa, G.Əzimzadə "Qaladan tapılan mücrü”, "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü" kimi maraqlı filmlərin də quruluşçu rejissorudur. Onun "Müqəddəs oda yanaram” və "Ümid” adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini tapması kimi mühüm mövzular öz əksini tapıb.

Filmoqrafiya

"Beləliklə, biz başlayırıq” (film, 1976)

"Dantenin yubileyi” (film, 1978)

 "Təkcə adanı özünlə apara bilməzsən...” (film, 1980)

"Qaladan tapılan mücrü” (film, 1982)

"Ötən ilin son gecəsi” (film, 1983)

"Avqust gələndə” (film, 1984)

"İmtahan” (film, 1987)

"Qətl günü” (film, 1990)

"Müqəddəs oda yanaram” (film, 1992)

"Ümid” (film, 1995)      

 "Həyatın duzu” (film, 2003)