• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Kino xadimlərı

CƏMİL FƏRƏCOV

13.02.1946

Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. 1964-cü ildə Bakıda 34 nömrəli orta məktəbin 11-ci sinfini bitirəndən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsinə qəbul olunub və 1969-cu ildə oranı bitirib. Təhsil illərində kinoya və teatra həvəs göstərib - institutun həvəskar kinostudiyasının və "Spektr” adlı tələbə teatrının təşkilatçılarından biri olub. Elə həmin il Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1974-cü ildə bitirib. 1970-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının sənədli filmlər birliyində rejissor kimi fəaliyyətə başlayıb. Milli kinoda çalışdığı müddətdə onlarla sənədli filmlərin, "Mozalan” satirik kino jurnalı üçün süjetlərin, "Arvadım mənim, uşaqlarım mənim” bədii televiziya filminin, xronikal kino jurnallarının rejissoru və ssenari müəllifi olub. 1984-cü ildən 1990-cı ilə qədər "Azərbaycanfilm" kinostudiyasının partiya təşkilatının katibi, 1990-cı ildən 1995-ci ilə qədər Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Həmin illər ərzində kinostudiyada müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1973-cü ildən SSRİ Kinematoqrafçılar İttifaqının üzvüdür. 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. 1997-2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru olub. 1998-2002-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilat işləri üzrə katibi seçilib. 2002-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kino İşləri Baş idarəsinin müdiri, 2006-2012-ci illərdə Mədəiyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb.

Filmoqrafiya

"Azərbaycan - 75" - 1975 - (sənədli - rejissor, ssenari müəllifi)
"Azərbaycanda dəniz səyahəti" 1976 -  (sənədli - rejissor, ssenari müəllifi)
"Gecikmiş gündəlik" 1986 - (sənədli - rejissor, ssenari müəllifi)
"Fərhad" 1987 - " (sənədli - rejissor, ssenari müəllifi)
"Tutulma" 1989 -  (sənədli - rejissor, ssenari müəllifi)
"Ayna və Həmid" 1990 - (sənədli - rejissor, ssenari müəllifi)
"Azərbaycan kinosu-80" 1996 - (sənədli - rejissor, ssenari müəllifi)
"Sən həmişə bizimləsən" 1998 - (sənədli - rejissor, ssenari müəllifi)
"Üçüncü zəng" - 2008 - (sənədli - rejissor, ssenari müəllifi)