Azərbaycanlı gənc rejissorun kinolayihəsi Kann festivalının “L’atelier” proqramında

Azərbaycanlı gənc rejissorun kinolayihəsi Kann festivalının “L’atelier” proqramında

 

2 mart 2018-ci ildə Kann film festivalının rəsmi hissəsi olan “L’atelier” (The Cinefondation’s Atelier) proqramına seçilən 15 kinolayihənin adı açıqlanıb. Kino tarixində ilk dəfə olaraq Azərbaycanlı bir rejissorun layihəsi bu siyahıda yer alıb.  Bu, Elvin Adıgözəlin üçüncü uzunmetrajlı filmi olacaq “Yaşar” kinolayihəsidir.

“L’atelier” proqramına seçilən kinolayihələr Kann film festivalı üçün xüsusi önəm daşıyır. Belə ki, bu filmlər çəkildikdən sonra dünyaca məşhur bir çox film festivallarında iştirak üçün şans qazanır.

“L’atelier” proqramı Kann beynəlxalq film festivalının daxilində 2005-ci ildə yeni nəsil kino mütəxəssislərinin ortaya çıxarılması məqsədi ilə təsis olunub. Bu proqrama qatılan iştirakçılar beynəlxalq dərəcədə tanınmış prodüserlər, film satış agentləri ilə görüşür ki, bu da filmlər üçün hələ çəkilməzdən əvvəl böyük prestij yaradır.

“ Bu ən yüksək beynəlxalq hədəfdir, çəkilməmiş film üçün. Bütün mənalarda Azərbaycan kinosu üçün böyük bir uğurdur” deyə “Yashar” kinolayihəsinin prodüseri Teymur Hacıyev bildirib.

Bundan əvvəl “Yaşar” kinolayihəsi Rotterdam film festivalı daxilindəki “Hubert Bals” pul mükafatını layiq görülmüş, daha sonra Fransada keçirilən Nant film festivalında «Produire au Sud» ssenari inkişafı seminarında olmuşdur. Eyni zamanda keçən ilin aprel ayında İstanbul film festivalının “Körpüdə görüşlər” adlanan bölməsində postproduction mükafatı qazanmışdır. Teymur Hacıyev onu da qeyd edib ki - “ Bu ekran əsəri müstəqil Azərbaycan kinosunun bir nümunəsidir və bizim komandamıza fransız prodüser Etienne de Ricaud qoşulandan sonra dünya miqyasında dəyər görməyə başladı”.

“Yaşar” 55 yaşlı bir adamın, hətta ən yaxını olan insanlarla belə yola gedə bilməməsi haqqındadır. Ancaq o bu baryerləri qırmaq üçün sonuncu dəfə özü bildiyi kimi hərəkət etməyi qərar verir.”