Türkiyənin Adana şəhərində “Adana 25-ci beynəlxalq film festivalı” çərçivəsində Azərbaycan kinosunun 120 illiyinə həsr olunan yubiley mərasimi keçirilib.

Türkiyənin Adana şəhərində “Adana 25-ci beynəlxalq film festivalı” çərçivəsində Azərbaycan kinosunun 120 illiyinə həsr olunan yubiley mərasimi keçirilib.

 

Mərasim Azərbaycan Respublikasını Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) tərəfindən birgə təşkil olunub.
Adana Atatürk Sənət Qalereyasında təşkil olunan mərasimdə Azərbaycan və Türkiyəni təmsil edən kino və teatr xadimləri, o cümlədən çox sayda xarici qonaq və festival iştirakçısı qatılıb.
Əvvəlcə Azərbaycan kino tarixinə dair fotosərginin video-çarxı nümayiş etdirilib. 
Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı, Xalq Artisti Cahangir Novruzov, tanınmış kinorejissor Ayaz Salayev və Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı, ssenarist Elşad Əliyev Azərbaycan kinosunun tarixi və keçdiyi yol barədə iştirakçılara müfəssəl məlumat veriblər. Paneldə Azərbaycan kino tarixi, onun keyfiyyət mərhələləri, müasir kinomuzun inkişaf dinamikası, o cümlədən bu sahəyə göstərilən dövlət qayğısından danışılıb.
Sonra Azərbaycan kinosunun tarixini əks etdirən, kinorejissor Yavər Rzayevin çəkdiyi “Biri var idi, biri yox idi” sənədli film kinosevərlərin qonağı olub. Filmdə Azərbaycan kinosunun bütün mərhələlərinə nəzər salınır, ayır-ayrı filmlərdən fraqmentlər göstərilir. Filmdə ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən, həmçinin Ulu Öndərimizin kino və mədəniyyət xadimləri, görkəmli yazıçılar və şairlərlə görüşlərdən maraqlı məqamlar əksini tapıb. Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda kino sənətinin inkişafına böyük qayğı göstərilir. Dövlətimizin başçısının Azərbaycan kinosunun 120 illik yubileyinin qeyd olunması barədə məlum Sərəncamı da bu qayğının tərkib hissəsidir. 
Sonda çıxış edən Adana böyükşəhər bələdiyyəsinin sədri Hüseyin Sözlü Azərbaycan kinosunun zəngin nümunələri ilə tanışlıqdan məmnunluğunu ifadə etdi. O, əminliklə qeyd etdi ki, Azərbaycan və Türkiyə bütün sahələrdə olduğu kimi kino sahəsində bigə əməkdaşlıqla böyük uğurlar qazanacaqdır.
Qeyd edək ki, festival çərçivəsində “İçəri şəhər” Azərbaycan bədii filminin nümayişi nəzərdə tutulub.