Əbdül Mahmudov – “75”

Əbdül Mahmudov – “75”

Əbdül Mahmudov – “75”

 

TƏBRİK EDİRİK!
Əbdül Mahmudov – “75”

Bu gün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan kino sənətində özünəməxsus baxışı, dəsti-xətti, yaradıcılıq üslubu ilə seçilən aktyor, rejissor və ssenarist, Xalq artisti Əbdül Mahmudovun 75 illik yubileyi qeyd olundu.
Onu bir daha doğum günü münasibəti ilə təbrik edir, cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzu edirik!

Əbdül Mahmudov 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra təyinatla “Azərbaycanfilm” kinostudiyasında ikinci rejissor kimi fəaliyyətə başlamış, “Dəli Kür”, “Oxuyur Müslüm Maqomayev”, “Mən ki, gözəl deyildim”, “Bizim Cəbiş müəllim”, “Dağlarda döyüş” və s. filmlərdə Həsən Seyidbəyli, Adil İsgəndərov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə kimi görkəmli sənətkarlarla çalışaraq onların təcrübəsindən bəhrələnmiş, yüksək iş qabiliyyəti və professionallığı ilə hamının hörmətini qazanmışdır.
O, həmçinin, aktyor kimi çəkildiyi “Yeddi oğul istərəm”, “Nəsimi”, “Sevinc buxtası”, “O qızı tapın” “Axırıncı aşırım”, “Qətl günü” kimi filmlərdə yaratdığı yaddaqalan obrazlarla özünü tamaşaçılara sevdirə, onların qəlbinə yol tapa bilmişdir.
1971-1973-cü illərdə Moskvada Ali rejissor və ssenarist kurslarını bitirdikdən sonra doğma kinostudiyada fəaliyyətini davam etdirən sənətkar “Atları yəhərləyin”, “Üzü küləyə”, “Doğma sahillər”, “Gecə qatarında qətl” kimi bədii filmlərə, “Mozalan “ satirik kinojurnalı üçün çoxlu sayda bədii süjetlərə quruluş vermişdir.
Keçdiyi bu məhsuldar yaradıcılıq yolu daim yüksək qiymətləndirilmiş və 2018-ci ildə “Xalq artisti” fəxri adına layiq görülmüşdür.