“Azərbaycanfilm” kinostudiyasının son 8 ildə qazandığı böyük uğurlar

“Azərbaycanfilm” kinostudiyasının son 8 ildə qazandığı böyük uğurlar

 

Mədəniyyət naziri Əbülfəs Qarayevin imzaladığı əmrlə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov tutduğu vəzifədən azad olunub. Nazirin digər əmrilə Müşfiq Hətəmov Mədəniyyət Nazirliyində sektor müdiri vəzifəsinə təyin edilib.

2011-ci ildə kinostudiyaya rəhbər təyin olunan Müşfiq Hətəmov öz adını böyük ənənələri olan bu qurumun tarixinə Azərbaycan kinosunun böyük təəssübkeşi, praqmatik islahatçısı kimi yazdırmağı bacardı. Onun “Azərbaycanfilm”ə rəhbərlik etdiyi 8 illik müddətdə çağdaş Azərbaycan kinosunun böyük potensiala malik olması bir daha öz təsdiqini tapdı. Əgər 2011-ci ilə qədər Azərbaycan filmlərinin çəkiliş prosesində daha çox İran və Gürcüstan mütəxəssislərinə yer verilirdisə, 2012-ci ildən sonra istehsalata buraxılan ekran əsərlərinin mütləq çoxluğunu yerli mütəxəssislər təşkil etdi.
Bu dövrdə əsas diqqət Azərbaycan kinosunun beynəlxalq təbliğinə yönəldilməklə yanaşı, eyni zamanda peşəkar kino nəslinin yetişməsi və yüksək professionallığa malik kadrları qoruyub saxlamağa ayrıldı.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində “Gənc simenaçılar” klubunun yaradılması, istedadlı gənclərin ora cəlb olunması, onların sınaqdan keçirilməsi qarşıda duran çox vacib məsələ kimi öz həllini uğurla tapdı. Bu dövrdə 120-ə yaxın gənc “Azərbaycanfilm” kinostudiyasında sınaqdan çıxarıldı, onların içindən rejissorlar, operatorlar, işıqçılar, rəssamlar, səs rejissorları yetişdi.
Müşfiq Hətəmovun “Azərbaycanfilm”ə rəhbərlik etdiyi dövrdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş 22 film bu dövr ərzində dünyanın 50 ölkəsində keçirilmiş 154 festivalda 229 dəfə iştirak edərək 81 mükafat qazanıb.

Ümumiyyətlə isə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-2019-cu illərdə 20 tammetrajlı bədii, 18 qısametrajlı bədii, 14 sənədli olmaqla ümumilikdə 52 film çəkilib.

Bütün bu müddət ərzində “Azərbaycanfilm” kinostudiyasının kollektivi onunla birgə çalışmaqdan daim məmnunluq duyub.
Müşfiq Hətəmovu yeni işi münasibətilə təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq!