“Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin edilib

Fariz Əhmədov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına direktor təyin edilib.

 

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb. Əmrə əsasən, Fariz Asif oğlu Əhmədov 30 sentyabr 2020-ci il tarixindən etibarən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor təyin olunub.

 

Fariz Asif oğlu Əhmədov 15 dekabr 1983-cü ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin “ədəbi yaradıcılıq və ekran dramaturgiyası” ixtisasında (2001-2005), Ümümrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VGİK) kinorejissorluq ixtisasında (2010-2012, Aleksandr Proşkinin emalatxanası), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasının magistraturasında təhsil alıb.

ANS TV-də rejissor (2005-2006), “Azanfilm” cizgi filmləri studiyasının direktor-bədii rəhbəri (2012-2015), AzTV-də rejissor (2006-2018), Bakı Media Mərkəzində prodüser (2018-2020) kimi çalışıb. 

Pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasından dərs deyir (2015-ci ildən).

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının təsisçisi və icraçı direktoru olub (2013-2014). Müxtəlif ölkələrdə keçirilən prodüser, rejissor və dramaturgiya ustad dərslərində və beynəlxalq festivallarda iştirak edib, nüfuzlu mükafatlara layiq görülüb.

“Əriyən ada” filminə görə “Ən yaxşı sənədli film” nominasiyasında “Qızıl Pəri” mükafatı alıb (2015).

 

Qeyd edək ki, bu təyinata qədər Nazim Hüseynov “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsini icra edirdi.

 

“Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin edilib