“İçəri Şəhər” Tallində film festivalında

"İçəri Şəhər” bədii filminin Estoniyanın 20-ci Tallin "Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayişi baş tutub. Film festivalın "Forum” proqramında iştirak edir. "İçəri Şəhər”in növbəti nümayişi 21 noyabr tarixində keçiriləcək.
 
Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Qeyd edək ki, "İçəri Şəhər” filmi Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci "Van gölü” Beynəlxalq Film Festivalının "Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Film hal-hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunur.  Festivalda filmin ssenari həmmüəllifi və quruluşçu rejissoru İlqar Safat iştirak edir .

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov, Elmira Şabanova və digərləri canlandırırlar.