“Qırmızı bağ” Dəkkə Beynəlxalq Film Festivalında

Mirbala Səlimlinin "Qırmızı bağ” bədii filimi 15-ci Dəkkə Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 12-20 yanvar tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək.
 
Azərbaycan və Rusiyanın birgə istehsalı olan "Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın "WeiT Media” kino şirkətində lentə alınıb.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

Film Qazaxıstanın 12-ci Avrasiya Beynəlxalq Film Festivalında, Almaniyanın 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalında və Türkiyənin 5-ci "Van gölü” Beynəlxalq Fİlm Festivalında iştirak edib. Azərbaycan, Bakıda keçirilən 7-ci Avropa Film Festivalında "Qırmızı bağ” filmi ilə təmsil olunub.

"Qırmızı bağ” filmi hal-hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunur. Festivalda filmin quruluşçu rejissoru və ssenari müəllifi Mirbala Səlimli iştirak edir.