Qırmızı bağ | Bakıdakı VII Avropa Filmləri Festivalı

Sabah saat 14:30-da MetroPark Cinema kinoteatrında Mirbala Səlimlinin "Qırmızı bağ” bədii filminin nümayişi keçiriləcək. Nümayiş Bakıdakı VII Avropa Film Festivalı çərçivəsində baş tutacaq. Giriş sərbəstdir.
 
Festival Avropa İttifaqı nümayəndəliyi və Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin təşkilatçılığı ilə keçirilir.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan "Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın "WeiT Media” kino şirkətində lentə alınmışdır.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

Qeyd edək ki, filmin beynəlxalq premyerası Qazaxıstanın 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramı, Avropa premyerası Almaniyanın 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramında baş tutub. Film həmçinin Misirin Qahirə Beynəlxalq Film Festivalına dəvət alıb.