“İçəri Şəhər” Kerala Beynəlxalq Film Festivalında

"İçəri Şəhər” bədii filmi Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına dəvət alıb. Film festivalın "Dünya kinosu” proqramı çərçivəsində nümayiş olunacaq. Festival 9-16 dekabr tarixlərində Keralada keçiriləcək.
 
Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınmışdır.

"İçəri Şəhər” filmi Misirin Qahirə Beynəlxalq Film Festivalı, 47-ci Hindistan Beynəlxalq Film Festivalı (Qoa) və 20-ci Tallin "Qaranlıq gecələr” Film Festivalına dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci "Van gölü” Beynəlxalq Film Festivalının "Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.