İyunun 13-də N. Babayev adına 144 saylı məktəbin 3-cü sinif şagirdləri C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekskursiyada olublar.
Uşaqlar “Azərbaycanfilm”in geyim və rekvizit sexləri, çəkiliş texnikası, pavilyonları ilə tanış olublar. Sevdikləri kinoların və cizgi filmi personajlarının əlbəsələri, rekvizitləri uşaqlar tərəfindən maraqla qarşılanıb.
“Azərbaycanfilm”in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ramilə Qurbanlı şagirdlərə sənət ocağı haqqında məlumat verib. “Azərbaycanfilm” kinostudiyasını Azərbaycan mədəniyyətinin milli sərvəti adlandıran ekskursovod onlara milli kino tarixindən də söhbət açıb.
Kinostudiyanın əməkdaşları Samirə Əliyeva və Bulud Quliyev ziyarətçilərə kino rekvizitləri, texnikası barədə məlumat verib və kino çəkilişləri haqda onların suallarını cavablandırıblar.
Uşaqlar Professional Kinorejissorlar Gildiyasını da ziyarət ediblər. Gildiyanın əməkdaşı Aysel Qəhrəmanova onları film rejissorları barədə məlumatlandırıb.
Sonda Dövlət Film Fondunda məktəblilər üçün “Baharın oğurlanması” cizgi filmi nümayiş etdirilib.