16 sentyabr ilk azərbaycanlı aktrisa İzzət Orucovanın doğum günüdür


Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964) İzzət Mirzəağa qızı Oruczadə (Orucova) 16 sentyabr 1909-cu ildə Bakıda anadan olub.

O, kinoya 20 yaşında gəlib. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib. Kinoşünas Aydın Kazımzadə xatirələrində həmin hadisəni bu cür nəql edir: “Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb. Günlərin birində o, “Təyyarə” kinoteatrında bu qızla rastlaşıb. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görüb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə, şübhəsiz, razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar, amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü xəbərsiz çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi… Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bir şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi”.

 

Cəfər Cabbarlı çəkiliş zamanı hər an, hər dəqiqə İzzətin yanında olub. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verib. Film çəkilib və ekranlara çıxanda böyük uğur qazanıb. Bundan ruhlanan Cəfər Cabbarlı “Almaz”ın da ssenarisini yazıb. Baş rola da yenə İzzət xanımı təsdiq etdirib.

 

Aktrisa sonralar fəaliyyətini elm sahəsində davam etdirib. İzzət Orucova 1983-cü il aprelin 22-də 73 yaşında dünyasını dəyişib.

Amma o, yaratdığı rollar, yazdığı elmi əsərlərlə mənsub olduğu millətin tarixində əbədiyaşarlıq qazanıb.