C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə kinostudiyanın rəhbərliyi, əməkdaşları, hüquq və idarəetmə sahəsi üzrə mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan studiyanın direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə institusional mexanizmlərin gücləndirilməsinin, şəffaflığın və hesabatlılığın təmin edilməsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, kino sənayesi korrupsiyanın təsirinə məruz qalarsa, bu, yalnız filmlərin keyfiyyətinə deyil, həm də milli mədəniyyətin inkişafına mənfi təsir göstərə bilər: “Şəffaflıq və ədalət prinsipləri əsasında işləyən kino sektoru isə ölkənin beynəlxalq səviyyədə uğurlarına təkan verər. Korrupsiyanın qarşısını almaq üçün həm dövlət, həm də cəmiyyət birgə səy göstərməlidir.”
Daha sonra keçirilən müzakirələr zamanı korrupsiya risklərinin azaldılması, daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, etik davranış standartlarına riayət olunması və maraqların toqquşmasının qarşısının alınması mövzuları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçıların sualları cavablandırılıb, praktik tövsiyələr səsləndirilib. Sonda mədəniyyət və xüsusən də kino sahəsində sağlam və şəffaf idarəetmənin yaradıcı mühitin inkişafına töhfə verdiyi qeyd olunub, bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.






